Reklam
Reklam

Tarix terminləri lüğəti

İkinci imperiya

Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr).

1870-ci il sentyabr inqilabı nəticəsində İ.İ. süqut edib.

Tarix terminləri lüğəti

İkinci respublika

İyul monarxiyasının süqutundan sonra 1848-ci il fevralın 25-də Fransada bərqərar olmuş respublika idarə üsulu dövrü.

İ.R. 1852-ci il dekabrın 2-dək mövcud olub.

Tarix terminləri lüğəti

İncil

yun. Evangelion – xoş xəbər, müjdə

Bibliyanın yalnız xristianlığa aid olan hissəsi.

Müasir anlamda İ. dedikdə Əhdi-cədid nəzərdə tutulur. Öncə 30-a yaxın İ. kitabı olub, lakin sonradan yalnız kilsənin müqəddəsləşdirdiyi, İsa Məsihin şagirdi olmuş Matfey, Mark, Luka və İoannın yazdığı dörd kitab İ.-ə aid edilib. Bu kitablara “kanonik İ.-lər”, kilsə tərəfindən qəbul edilməyən digər İ.-lərə isə “apokrif İ.-lər” deyilir. İ.-in təxminən I əsrin sonu – II əsrin əvvəlində yarandığı ehtimal olunur. Burada İsa Məsihin doğulması, həyatı, möcüzələri, ölümü, dirilməsi və göylərə çəkilməsi öz əksini tapıb. İ. “Evangelion” da adlanır. Azərbaycan dilinə son tərcümədə bu kitaba İ. deyil, “Müjdə” adı verilib.

Tarix terminləri lüğəti

İntibah dövrü

ər. intibah – oyanma, ayılma

XIV əsrin əvvəlində İtaliyada əsası qoyulmuş, XVI əsrdə öz zirvə nöqtəsinə çatmış intellektual və mədəni çiçəklənmə dövrü.

Bu dövr həm də «Renessans» (fr. renaissance – oyanma) adlandırılır. İ.D. Avropa mədəniyyəti tarixində orta əsrləri əvəzləyib, onun sonrakı inkişafına böyük təsir göstərib və maarifçilik dövrünün ərəfəsi olub. İ.D. mədəniyyətinin fərqləndirici xüsusiyyətlərini onun dünyəviliyi, humanizmi, insanı ön plana çəkməsi, eləcə də antiklerikal ruhu təşkil edib. Həmin dövr eyni zamanda antik mədəni irsə marağın kəskin şəkildə artması ilə səciyyələnir. “İntibah” (“renessans”) termini də buradan yaranıb. İlk dəfə XVI əsrdə italyan humanistləri tərəfindən işlədilmiş bu termini müasir anlamda elmi dövriyyəyə XIX əsrdə fransız tarixçisi J.Mişle daxil edib.

Tarix terminləri lüğəti