Reklam
Reklam

Tarix terminləri lüğəti

hürrilər

Mesopotamiyada və ətraf ərazilərdə məskunlaşmış qədim tayfalar.

Onların mənşəyi, habelə H. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Tarixi mənbələrdə H. ilk dəfə e.ə. 2300-cü ildə Xəzər dənizinin cənub-qərbində qeydə alınıblar. Böyük ehtimalla bu tayfalar Kür-Araz mədəniyyəti ilə əlaqəli olublar. Onların yayılma mərkəzi də Cənubi Qafqaz hesab edilir. Əvvəlcə Mesopotamiyanın şimalında məskunlaşan H.-lər e.ə. II minillikdə Fərat çayının axarı boyunca ərazilərə, o cümlədən Suriyaya, qismən Fələstinə yayılıblar. E.ə. XVI–XIII əsrlərdə H. Mesopotamiyanın şimalında Mitanni dövlətini yaradıblar, Xett dövlətinə güclü təsir göstəriblər. E.ə. I minillikdə isə onlar dağınıq halda müasir Anadolu ərazisində yaşayıblar. H.-in dilinin elam, urartu və Qafqaz dillərinə qohum olduğu güman edilir. H. mixi yazısından istifadə ediblər.

Tarix terminləri lüğəti

hürufilik

ər. hüruf – hərflər

Sufiliyin XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycan, Anadolu və Qərbi İranda geniş yayılmış qollarından biri.

H.-in banisi Fəzlullah Nəimi (1339/40–1394) olub. İudaizmin mistik kabbalistika təlimində olduğu kimi, bu təriqətin başlıca ideyası müqəddəs kitabın (Quranın) hərf sistemi vasitəsilə izahına əsaslanır. H.-də 7 rəqəmi müqəddəs sayılır. H.-ə görə, Allahın iki təzahür forması var. Bunlardan birincisi Allahın özünəbənzər yaratdığı insandır. Uca yaradanın insanda təzahürü qurtuluş pillələrindən ibarət üç mərhələyə ayrılır: peyğəmbərlik (nöbüvvət), ilahi himayədarlıq (vəlayət) və ilahilik (uluhiyyət). Peyğəmbərlik Məhəmməddə başa çatır, ondan sonra ilahi himayədarlar – şiə imamları gəlir. Nəimi isə axırıncı himayədar, həmçinin birinci canlı Allah (xuda), eləcə də 3-cü mərhələnin banisi hesab olunur. Allahın 2-ci təzahür forması isə özünü səsdə, nitqdə, hərfdə (təlimin adı da buradan götürülüb) göstərir. H. ardıcılları Azərbaycanı “Sərzəmin-e restahiz” (“Oyanış yeri”) adlandırıblar. Nəiminin “Cavidannamə” və “Cavidan-e Kəbir” əsərləri H.-in “Quran”ı hesab olunur.

Tarix terminləri lüğəti

harakiri

yap. – qarını yırtma

Yaponiyada otra əsrlər və sonrakı dövrlərdə qarını yırtmaqla intihar üsulu.

Əsasən, samuraylar arasında qəbul edilmış H. cəza kimi məhkəmənin hökmü ilə, yaxud könüllü şəkildə (samurayın “şərəf”inə toxunulduqda, onun öz süzereninə sadiqlik əlaməti kimi və s.) yerinə yetirilib. H. və «seppuku» terminləri yapon dilində faktik olaraq sinonimlərdir. Lakin seppuku daha çox ritual xarakteri daşıyır və yazılı ədəbiyyatda geniş işlədilir.

Tarix terminləri lüğəti