Reklam
Reklam

Tarix terminləri lüğəti

Beşyüzlər şurası

1. E.ə. qədim Afinada mövcud olmuş ali hökumət orqanı.

İlk dövrlərdə bule (yun. bulē – şura, məclis) adlanıb. Lakin e.ə. VI əsrin sonunda Klisfenin islahatları nəticəsində üzvlərinin sayı artırılaraq 500-ə çatdırılmış bule B.Ş.-na çevrilib. B.Ş. Afinada, əsasən, icra hakimiyyətini həyata keçirib, bəzi dönəmlərdə isə qanun layihələrinin hazırlanması ilə də məşğul olub. İstənilən təbəqədən olan, yaşı 30-a çatmış hər bir Afina vətəndaşı B.Ş.-nın üzvü seçilmək hüququ qazanıb.

2. 1795–1799-cu illərdə Fransa qanunvericilik orqanının aşağı palatasının adı.

Tarix terminləri lüğəti

bəhailik

ər. – işıq, şərəf, əzəmət

XIX əsrin ortalarında İranda babilər hərəkatının yatırılmasından sonra təqibdən qaçan babilərin təriqəti kimi yaranmış monoteist dini cərəyan.

B.-in banisi Bəhaülla (Allahın nuru) ləqəbi ilə məşhur olan Mirzə Hüseyn Əli (1817–1892) sayılır. Bu dini təlimin əsasını Allahın, dinlərin və bəşəriyyətin birliyi ideyası təşkil edir. Bəhailər öz dinlərini dünyanın sonuncu monoteist dini hesab etsələr də, tədqiqatçıların bir çoxu tərəfindən B. sinkretik (bir-biri ilə uyuşmayan, ziddiyyət təşkil edən fikirlərin mexaniki məcmusu) islam sektası kimi qəbul olunur. Belə ki, zərdüştilikbuddizmdən tutmuş xristianlıq və islama qədər bütün dünya dinlərinin ayrı-ayrı prinsipləri B.-də öz əksini tapır. B. islam dinində dinsizlik kimi qəbul olunur. Hazırda onun 5 milyondan çox tərəfdarı var.

See also:

Tarix terminləri lüğəti

bəktaşilik

XIII əsrdə Kiçik Asiyada yaranmış islam dini təriqətlərindən biri, sufi ordeni.

B. islam (əsasən, şiə məzhəbi) və xristian dinlərinin müxtəlif ünsürlərini özündə birləşdirib. Təriqətin banisinin Vəli Bəktaşi (1242–1337) olduğu ehtimal edilir. Dünyanı müqəddəs üçlük – Allah, Məhəmməd və Əli vasitəsilə qavrayan bəktaşilərin şərab, çörək və pendirdən ibarət ritual yeməkləri olub. Folklorda B. tərəfdarları, adətən, şəriət normalarına əməl etməyən azadfikirli insanlar kimi təsvir edilir. B. Türkiyə, Albaniya və Bosniyada geniş yayılıb. O, yeniçərilərin ideoloji təlimi hesab olunub. Yeniçərilər korpusu 1826-cı ildə ləğv edildikdən sonra B. ordeni rəsmən qapansa da, əslində, 1925-ci ilədək Türkiyədə fəaliyyət göstərib. Həmin ildə Atatürkün qərarı ilə birdəfəlik bağlanıb və təriqət üzvlərinin əksəriyyəti Albaniyaya mühacirət etməli olub.

Tarix terminləri lüğəti

bələdiyyə

ər. – şəhər idarəsi

Qanunla müəyyən edilmiş konkret ərazi hüdudları daxilində yerli (şəhər, qəsəbə, kənd) özünüidarəetmə forması.

B. həmin ərazinin əhalisi tərəfindən seçilmiş kollegial qurumdan və icraedici aparatdan ibarət olur. B.-nin rəhbəri mer, sədr, burqomistr və s. adlanır. Abadlıq, səhiyyə, təhsil və digər yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etmək səlahiyyətinə malik B.-nin əsas gəlir mənbəyi əhalidən tutulan yerli vergilərdir.

Tarix terminləri lüğəti