Reklam
Reklam

Tarix terminləri lüğəti

irticaçı

İrticanın tərəfdarı və ya iştirakçısı; hər cür tərəqqinin (siyasi, mədəni, texniki) əleyhdarı.

Tarix terminləri lüğəti

islam

ər. – hərfi mənası: Allaha boyun əymək, itaət etmək

Həm etiqad edənlərin sayına, həm də yayılma arealına görə buddizmxristianlıqla yanaşı, ən böyük üç dünya dinindən biri.

Tək tanrı inancına (monoteizmə) söykənən İ. VII əsrin əvvəlində Ərəbistanda formalaşıb. Bu dinin ardıcılları özlərini müsəlman adlandırırlar. Müsəlmanlar İ.-ın yaradıcısını – Məhəmməd peyğəmbəri Allahın yer üzündə sonuncu elçisi hesab edirlər. İ. təliminin əsasında Məhəmməd peyğəmbərə ilahi vəhy kimi nazil olunmuş Allah kəlamı – Qurani-Kərim durur. Sonralar İ. qanunçuluğunu daha da möhkəmləndirmək məqsədilə Məhəmməd peyğəmbərin həyatından bəhs edən “müqəddəs rəvayətlər”, habelə onun öz kəlamları toplanaraq sistemləşdirilib və sünnə halına salınıb. Quran və sünnə bu dinin iki başlıca sütunudur. İki böyük təriqətə – sünnilik (müsəlmanların 90%-i) və şiəliyə (təqr. 10%) bölünmüş İ.-da mərasimlər və ayinlər klassik ərəb dilində həyata keçirilir. Müxtəlif qaynaqlara görə, hazırda Yer kürəsi əhalisinin 1/4-dən 1/3-nə qədəri özünü müsəlman sayır.

See also:

Tarix terminləri lüğəti

islamofobiya

ər. – hərfi mənası: Allaha boyun əymək, itaət etmək + yun. phobos – qorxu

İslam və onun ictimai təzahürlərinə qarşı neqativ münasibətin müxtəlif formalarının ümumi adı, ksenofobiya növlərindən biri.

İ. islam dininin özü ilə eyni vaxtda yaransa da, son dövrlərədək ciddi əhəmiyyət kəsb etməyib. Hərçənd bəzi ölkələrdə o, ənənəvi qaydada güclü mövqelərə malik olub. Məsələn, müsəlmanlara qarşı açıq ayrı-seçkilik normaları hələ çar Rusiyasında qanunvericilik səviyyəsində rəsmiləşdirilib. 1917-ci ilə kimi Rusiya müsəlmanları dövlət səviyyəsində bir çox hüquqlardan məhrum edilib. Bununla belə, dünya miqyasında İ. yalnız 11 sentyabr (2001) terror hadisələri və müsəlman dünyasında baş verən son proseslər fonunda xüsusi aktuallıq qazanıb.

Tarix terminləri lüğəti

iudaizm

Əsasən, yəhudilərin pərəstiş etdiyi ən qədim monoteist dinlərdən biri.

E.ə. I minillikdə Fələstində yaranmış İ. yəhudilərin mifik əcdadı hesab edilən İequdanın adı ilə bağlıdır. Dünyanın “yaradıcısı” olan vahid Allah – Yəhvaya (İequdaya) və Tövratın (Əhdi-ətiqin) müqəddəsliyinə etiqad, habelə axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə, ruhun varlığına və taleyə, ölülərin diriləcəyinə və Məsihanın zühur edəcəyinə inam İ.-in əsas ehkamları sayılır. İ. İsrailin rəsmi dövlət dini elan olunub. Bu dinə etiqad edənlərin əksəriyyəti İsrail, ABŞ və Avropa ölkələrində yaşayır.

See also:

Tarix terminləri lüğəti

iyun böhranı

Qafqaz İslam Ordusunun rəhbərliyinin Azərbaycan Milli Şurasına və hökumətinə etimadsızlığı ilə əlaqədar 1918-ci ilin iyununda yaranmış siyasi böhran.

İ.B.-nın əsasında bu ordunun komandanı Nuru paşa başda olmaqla Azərbaycanın Türkiyəyə birləşməsinə çalışan ilhaqçılarla ölkənin dövlət müstəqilliyinin tərəfdarı olan Milli Şura arasında mübarizə dayanıb. Milli Şura və onun sədri M.Ə.Rəsulzadə böhran prosesində müəyyən güzəştlərə getməli olsalar da, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya biliblər.

Tarix terminləri lüğəti

iyul monarxiyası

Fransa tarixində restavrasiya rejiminə son qoymuş 1830-cu il İyul inqilabından İkinci respublikanın yaradılması ilə nəticələnən 1848-ci il Fevral inqilabınadək olan dövr.

Tarix terminləri lüğəti

ittihadçılar

İslam ideologiyasına əsaslanan, 1917-ci ilin payızında Azərbaycanda yaranmış “İttihadi-islam” partiyasının üzvləri və tərəfdarları.

AXC parlamentində müstəqil fraksiyaya malik olan İ. cəmiyyətdə ortodoksal islam normalarının bərpasına çalışıblar. Onlara Q.Qarabəyov, S.M.Qənizadə, İ.Aşurbəyov və b. liderlik ediblər. Milləti bir tarixi kateqoriya kimi rədd edən İ. üçün yalnız vahid ümmət – dünya müsəlmanlarının birliyi mövcud olub. İ. 1920-ci il aprel işğalı ərəfəsində faktik olaraq bolşeviklərlə işbirliyinə gediblər və AXC hökumətinin devrilməsində mühüm rol oynayıblar. Aprel işğalından sonra “İttihad” partiyası “əsas məqsədlərinə çatdığına görə” özünü buraxıb.

Tarix terminləri lüğəti

ittifaq dövlətləri

alm. Mittelmächte, türk. İttifak Devletleri, mac. Központi hatalmak, bol. Üentralni sili

I Dünya müharibəsində (1914–1918) Antantaya qarşı duran dövlətlərin hərbi-siyasi bloku.

1879–1882-ci illərdə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın yaratdıqları Üçlər ittifaqı bu blokun sələfi sayılır. Üçlər ittifaqı, əsasən, Fransaya qarşı çevrilmişdi. Lakin İtaliya tədricən Fransa ilə yaxınlaşma xətti götürərək əvvəlcə bitərəfliyini elan etmişdi, 1915-ci ildə isə Üçlər ittifaqından çıxmış və Antanta tərəfindən müharibəyə qatılmışdı. Osmanlı Türkiyəsi və Bolqarıstan İ.D.-nə (həmin bloka «Mərkəzi dövlətlər» də deyilib) artıq I Dünya müharibəsinin gedişində – müvafiq olaraq 1914-cü ilin oktyabrında və 1915-ci ilin oktyabrında qoşulmuşdu.

Tarix terminləri lüğəti

islamşünaslıq

ər. – hərfi mənası: Allaha boyun əymək, itaət etmək + fars. şünas – məşğul olan

İslam ehkamlarını, tarixini, mədəniyyətini, hüququnu, eləcə də müsəlman ölkələrinin iqtisadiyyat və siyasətini öyrənən dini fənn.

Bu elm sahəsi islamın tənqidi, yaxud təbliği ilə məşğul olmur, onun haqqında hərtərəfli və obyektiv informasiya mənbəyi rolunda çıxış edir. İ. müstəqil elm sahəsi kimi XIX əsrin II yarısında Avropada formalaşıb.

Tarix terminləri lüğəti

ismaililik

Şiəlikdə təriqət.

İmam Cəfər Sadığın oğlu İsmayılın adını daşıyan bu təriqət VIII əsrdə şiələr arasında baş vermiş parçalanma nəticəsində yaranıb. 760-cı ildə Cəfər Sadıq böyük oğlu İsmayılın sünni xəlifələrinə münasibətdə sərt mövqe tutduğunu, habelə sünnilərlə şiələr arasında yaranmış nisbi tarazlığı poza biləcəyini nəzərə alaraq imamlığa varislik hüququnu ona deyil, kiçik oğlu Musa Kazıma verib. Şiələrin bir qismi Cəfər Sadığın bu qərarını qəbul etməyib, İsmayıla tərəfdar çıxıb. İ.-in dini-fəlsəfi təlimi ortodoksal müsəlman prinsiplərindən xeyli fərqlənir. O, qədim hind dinlərində və zərdüştilikdə əksini tapmış bir sıra təsəvvürləri mənimsəyib və beləliklə, faktik olaraq sinkretik təlimə çevrilib. İslam prinsiplərindən uzaqlaşdığına görə çoxları İ. ardıcıllarını hətta müsəlman belə hesab etmirlər. XXI əsrin əvvəllərində ümumi sayı 15 milyonu ötüb-keçən İ. tərəfdarlarının ən böyük icmaları Hindistan, Pakistan, İran, Yəmən, Keniya, Tacikistan, eləcə də bir sıra Avropa ölkələri və ABŞ-da fəaliyyət göstərir.

Tarix terminləri lüğəti