Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

gecə

Günəşin üfüq xəttindən aşağıda olub görünmədiyi müddət.

G.-nin uzunluğu yalnız ekvator üzərində həmişə gündüzə bərabərdir (12 saat). Ekvatorla qütblər arasında isə G.-nin uzunluğu fəsillərdən və məntəqənin coğrafi enliyindən, Yerin fırlanma oxunun onun orbit müstəvisinə nisbətən meyillilik dərəcəsindən asılıdır. Ən davamlı G. qütblərdə (6 aya kimi) olur. İldə 2 dəfə (21 mart və 23 sentyabrda) bütün enliklərdə G. ilə gündüz bərabərləşir. Azərbaycanın yerləşdiyi Şimal yarımkürəsində ən qısa G. iyunun 22-nə (Bakıda – 8 saat 53 dəqiqə), ən uzun G. dekabrın 22-nə (Bakıda 14 saat 46 dəqiqə) təsadüf edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

generalizasiya

lat. generalis – ümumi, əsas

Xəritədə təsvir etmək üçün coğrafi obyektlərin, onların əsas xüsusiyyətlərinin seçilib ümumiləşdirilməsi.

G. xəritənin tərtib olunduğu miqyasdan asılıdır. Böyük miqyaslı xəritələrdə (1:250 000, 1:500 000) G. az, kiçik miqyaslı xəritələrdə isə (1: 2 000 000, 1:22 000 000) çox olur. Xəritələrdə G. artdıqca dəqiqlik azalır.

Coğrafiya terminləri lüğəti

genezis

yun. genesis – mənşə

Süxurların, geoloji struktur və törəmələrin (mineralların, faydalı qazıntıların və s.) mənşəyi.

G.-in öyrənilməsi təbiətdə gedən geoloji proseslərin mahiyyətini dərk etmək, gələcək prosesləri proqnozlaşdırmaq imkanı verir.

Coğrafiya terminləri lüğəti

geoantiklinal

yun. geo – Yer + yun. anti – əks + yun. klino – əyirəm

Geosinklinal ərazi daxilində Yer səthinin qalxan sahəsi.

G. terminini elmə 1873-cü ildə amerikalı geoloq Ceyms Dana daxil edib. G.-ın uzunluğu yüz km-lə, eni on km-lərlə olur. Müasir G.-a Kuril adaları qövsünü, qədim G.-a isə Ural dağlarında Uraltau silsiləsini misal göstərmək olar.

Coğrafiya terminləri lüğəti

geobiosfer

yun. geo – Yer + yun. bios – həyat + yun. sphaira – kürə, təbəqə

Yerin quru sahəsinin biosfer qatı.

G. iki hissədən ibarətdir: terrabiosfer – yerüstü həyat; litobiosfer – yeraltı həyat. Terrabiosferin ali orqanizmlərin yaşaması mümkün olmayan yüksək dağlıq hissəsində xüsusi həyat zonası (eol zonası) başlayır. Litobiosferin dərin qatlarında isə iki nəzəri həyat səddi mövcuddur: 100°C izotermi (bu səviyyədən aşağı normal atmosfer təzyiqində su qaynayır) və 460°C izotermi (bu səviyyədən aşağı su istənilən təzyiqdə qaynayır).

Coğrafiya terminləri lüğəti

geodeziya

yun. geo – Yer + yun. daio – bölürəm

Yerin və onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritələrdə təsvir olunması üsullarını öyrənən elm.

G. iki sahəyə ayrılır: ali və ibtidai. Ali G. nəzəri problemlərlə, Yerin formasını, qravitasiya sahəsini, Yer səthində nöqtələrin vahid sistemdə dəqiq koordinatlarını öyrənməklə, ibtidai G. isə ayrı-ayrı real əraziləri tədqiq etməklə məşğuldur. Eyni zamanda G. bir neçə bölmədən ibarətdir: topoqrafiya, fototopoqrafiya, tətbiqi (mühəndisi) G. və s.

Coğrafiya terminləri lüğəti

geofiziki amil

Hər hansı ərazidə Yerin alt və üst qatlarının fiziki xüsusiyyətləri ilə müəyyənləşdirilən amil.

G.A.-lərə bütövlüklə planetin kütləsi, öz oxu ətrafında fırlanma sürəti, maqnit sahəsi kimi ümumi göstəricilərdən tutmuş konkret sahədə radiasiyanın səviyyəsinə qədər ən müxtəlif kəmiyyət və keyfiyyət xarakteristikaları daxildir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

geoxronologiya

yun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim

Geologiya elmində Yerin geoloji yaşının bilavasitə hesablanması və geoloji vaxtlara bölgüsü ilə məşğul olan xüsusi bölmə.

Nisbi və mütləq G.-ya bölünür. Nisbi G. stratiqrafiyaya əsaslanaraq, eyni zamanda paleontoloji üsuldan və süxur laylarının yatım ardıcıllığı prinsipindən (Steno qanunu) istifadə edərək hansı layın (laylar qrupunun) daha qədim, ya cavan olduğunu, onların nisbi yaşını müəyyən edir. Lakin nisbi G. geoxronoloji bölgülərin davamiyyəti haqqında məlumat vermir. Mütləq G. isə geokimya elminin metodlarına əsaslanaraq və elementlərin radioaktiv parçalanması qanunauyğunluqlarından istifadə edərək süxurların, geoloji dövrdə baş vermiş tektonik hadisələrin mütləq yaşını müəyyənləşdirir. Bu araşdırmalara görə, Yer qabığının ən qədim süxurlarının yaşı 3,5 mlrd. ildən artıq deyil, Yer planetinin ümumi yaşı isə 4,5-4,6 mlrd. ilə bərabərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

geoxronoloji cədvəl

yun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim

Yerin geoloji inkişaf tarixi və orada baş verən bütün proseslərin inkişaf mərhələlərini göstərən cədvəl.

Bu cədvəldə planetin 4,6 mlrd. illik geoloji inkişaf mərhələsi iki ən böyük hissəyə – eona (KriptozoyFanerozoy), eonlar –  eralara (Arxey, Proterozoy, Heyden, Paleozoy, Mezozoy, Kaynozoy), eralar isə dövrlərə bölünür. Bu geoloji bölgülər bir-birindən baş verən mühüm geoloji hadisələrin xarakterinə və canlı orqanizmlərin inkişaf xüsusiyyətlərinə görə fərqlənir. Daha qədim Arxey və Proterozoy eralarında dövr bölgüsü yoxdur. Paleozoy erası 6 (Kembri, Ordovik, Silur, Devon, Perm, Karbon), Mezozoy erası 3 (Trias, Yura, Təbaşir), Kaynozoy erası 3 (Paleogen, NeogenAntropogen) dövrə bölünür. G.C.-ə əsasən, planetin geoloji yaşı 4,5-4,6 milyard ildir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti