Reklam
Reklam

Tarix terminləri lüğəti

prokonsul

lat. pro – yerinə + consul – konsul

Qədim Romada dövlət vəzifəsi.

Öncə Romanın hüdudlarından kənarda hərbi tapşırıqları yerinə yetirən şəxslər P. adlandırılıb. Daha sonra provinsiyalarda ali məhkəmə, inzibati və hərbi hakimiyyəti həyata keçirən canişinlərə P. deyilib. E.ə. 27-ci ildən isə P.-lar, əsasən, senat provinsiyalarını, yəni canişini senat tərəfindən təyin olunan vilayətləri və ölkələri idarə ediblər. Onlara 1 il müddətinə müvafiq səlahiyyətlər verilib.

Tarix terminləri lüğəti

prinsipat

lat. principatus < princeps – birinci, baş

Qədim Romada imperiyanın erkən dövrü üçün xarakterik olan monarxiyanın spesifik formasına tarixi ədəbiyyatda verilmiş ad.

Bir sıra respublika qurumlarının formal olaraq saxlanması, habelə imperatorun prinseps adlandırılması P.-ın ən səciyyəvi cəhətləridir. P. sistemi imperator Avqustun dövründə (e.ə. I əsrin sonu) formalaşmağa başlayıb. Avqust və onun xələfləri bütün mülki və hərbi hakimiyyəti öz əllərində cəmləşdiriblər. Senat, komitsiyalar (xalq yığıncaqları), magistraturalar və respublika quruluşu üçün xarakterik olan digər qurumlar fəaliyyətlərini davam etdirsə də, onların siyasi əhəmiyyəti heçə enib. Bu qurumların fəaliyyəti prinseps tərəfindən nizamlanıb.

Tarix terminləri lüğəti

prinseps

lat. princeps – birinci, baş

Qədim Romada senatorların siyahısında birinci şəxs.

Rəsmən P.-lərə xüsusi imtiyaz və səlahiyyətlər verilməyib, lakin respublika dövründə onlardan bəziləri böyük nüfuza və siyasi proseslərə həlledici təsir imkanına malik olublar. İmperiya dövründə isə e.ə. I əsrin sonundan etibarən “Senatın P.-i” termini monarx hakimiyyətinin daşıyıcısı anlamında işlədilməyə başlanıb. Yəni bu titulu Roma imperatoru özü daşıyıb.

See also:

Tarix terminləri lüğəti

prezincantrop

lat. prae – əvvəl + ər. Zinc – əski ərəb dilində Şərqi Afrikanın adı + yun. anthropos – insan

Hominidlərin təqribən 2 milyon il əvvələ aid edilən nümayəndəsinin şərti adı.

P.-un qalıqları 1960-cı ildə antropoloq L.Liki tərəfindən Olduvay dərəsində (Tanzaniya) aşkarlanıb. Bu qalıqlar zincantropdan daha qədim layda tapıldığı üçün belə adlandırılıb. Əksər alimlər P.-u ən erkən Daş dövrü mədəniyyətinin yaradıcısı və Homo habilis-in ən qədim nümayəndəsi hesab edirlər, lakin bəzi tədqiqatçılar bu fikirlə razılaşmırlar. Onlar P.-un Homo habilis-ə deyil, avstralopiteklərə aid olduğunu göstərirlər.

Tarix terminləri lüğəti

puritanlar

ing. Puritans < lat. puritas – təmizlik

XVI əsrin II yarısı – XVII əsrin I yarısında kalvinizm ardıcıllarına İngiltərə və Şotlandiyada verilən ad.

Reformasiyanın İngiltərədəki nəticələrindən narazı olan P. yepiskopların seçkili ağsaqqallarla (presviterlərlə) əvəzlənməsi, qiymətli əşyaların kilsələrdən kənarlaşdırılması, dini mərasimlərin sadələşdirilməsi və katolisizm qalıqlarından təmizlənməsi tələbləri ilə çıxış ediblər və buna görə də belə adlandırılıblar. Əvvəlcə rəsmi Anqlikan kilsəsi çərçivəsində fəaliyyət göstərən P. XVI əsrin 70–80-ci illərindən presviterlər başda olmaqla öz müstəqil dini icmalarını yaratmağa başlayıblar və Anqlikan kilsəsi ilə bütün əlaqələri kəsiblər. Lakin sonradan hökumətin sərt təqibləri ilə üzləşdikləri üçün P.-ın xeyli hissəsi ölkəni tərk edərək Avropa ölkələrinə (əsasən, Niderlanda) və Şimali Amerikadakı ingilis müstəmləkələrinə köçməli olub.

Tarix terminləri lüğəti

publikanlar

lat. publicani < publicum – dövlət əmlakı

Qədim Romada dövlət əmlakının (torpaq, mədən, duz yataqları və s.) istismarını hərrac yolu ilə iltizama götürmüş şəxslər.

Həmin şəxslər dövlət vergilərinin yığılması, eləcə də müəyyən ictimai binaların inşası və təchizatı hüququnu da eyni üsulla əldə ediblər. İmperiya dövründən (I əsrdən) başlayaraq P.-ın fəaliyyəti məhdudlaşdırılıb, vergilərin yığılması isə dövlət nümayəndələrinə tapşırılıb.

Tarix terminləri lüğəti

pşavlar

Gürcülərin etnoqrafik qrupu.

P. gürcü dilinin pşav dialektində danışırlar, Gürcüstanın Duşeti rayonunda, Araqvi çayı hövzəsində yaşayırlar. Onların bir hissəsi isə ölkənin şərq bölgələrində, ilk növbədə, Pankisi dərəsində məskunlaşıb. Yaxın keçmişədək P. bir sıra mədəni-məişət xüsusiyyətlərinə və həyat tərzlərinə görə gürcülərdən fərqləniblər, əsasən, özlərinin gözəl yun məmulatları (xurcun, yun corab və s.) ilə tanınıblar. Bəzi ehtimallara görə, P.-ın əcdadları çeçenlərin Peşxoy nəslindən olublar.

Tarix terminləri lüğəti