Reklam
Reklam

Tarix terminləri lüğəti

Əndəlüs

Ərəblərin müsəlman İspaniyasına verdikləri ad.

Ə. sözünün etimologiyası dəqiq məlum deyil: onun ərəb, bərbər, alman mənşəli olması barədə müxtəlif fərziyyələr var. VIII əsrin əvvəllərində Pireney yarımadasının çox hissəsini ələ keçirən ərəblər bu ərazini Ə. adlandırıblar. Rekonkista gedişində, XIII əsrdə İspaniyanın çox hissəsi xristianlar tərəfindən geri alındıqdan sonra yarımadanın yalnız ərəblərin nəzarətində qalmış cənub bölgəsinə – Qranada əmirliyinin ərazisinə Ə. deyilib. 1492-ci ildə bu əmirlik də İspaniya krallığına qatılsa da, həmin vilayət indiyədək Ə. (Andalusiya) adını daşıyır.

Tarix terminləri lüğəti

ənsar

ər. – yardımçılar, köməkçilər

Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrətindən sonra islam dinini qəbul edərək peyğəmbərə və digər mühacirlərə hər cür yardım göstərmiş, onlara ev və torpaq paylamış mədinəlilərə verilən ad.

Ə.-lar, əsasən, həzrəc və evs tayfalarının nümayəndələri olublar. İlk müsəlmanlar arasında onlar mühacirlərdən sonra ən hörmətli şəxslər sayılıblar. Hərbi qənimətlərin bölünməsi zamanı peyğəmbər mühacirlərdən sonra ikinci ən böyük payı Ə.-lara  ayırıb. Ə.-lar hədislərin əsas daşıyıcıları hesab edilirlər.

Tarix terminləri lüğəti

ərzaq sapalağı

Sovet hakimiyyətinin ilk illərində (1919–1921) kənd təsərrüfatı məhsulları tədarükünün yerinə yetirilməsi məqsədilə dövlət tərəfindən tətbiq edilən xüsusi tədbirlər sistemi.

Hərbi kommunizm siyasətinin elementlərindən biri olan Ə.S. şəxsi ehtiyaclar üçün müəyyən olunmuş normadan artıq bütün kənd təsərrüfatı məhsullarının məcburi qaydada aşağı qiymətlərlə dövlətə satılmasını nəzərdə tutub. Ə.S. Azərbaycanda da tətbiq olunub və bütövlükdə kənd təsərrüfatının acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. 1921-ci ildə yeni iqtisadi siyasətə keçidlə əlaqədar Ə.S. ərzaq vergisi ilə əvəzlənib.

Tarix terminləri lüğəti

ərzaq vergisi

Sovet hakimiyyəti dönəmində (1921–1923) kəndli təsərrüfatlarından alınan ərzaq sapalağını əvəzləmiş natural vergi.

Ə.V.-nin miqdarı yaz səpininə kimi hər bir kənd təsərrüfatı məhsulu üçün ayrılıqda, yerli şərait və kəndli təsərrüfatlarının rifahı nəzərə alınmaqla müəyyənləşdirilib. Ən yüksək vergi qolçomaq, ən aşağı isə yoxsul kəndli təsərrüfatlarından toplanıb. Azərbaycanda kəndlilər ağır vəziyyətdə olduqlarına görə Ə.V.-nin tətbiqinə 1922-ci ildən başlanıb. 1924-cü ildə o, eləcə də kəndlilərdən alınan digər rüsumlar ləğv edilərək pul formasında vahid kənd təsərrüfatı vergisi ilə əvəzlənib.

Tarix terminləri lüğəti

əsr

Yüz ilə bərabər zaman ölçüsü.

10 əsr bir minilliyi əmələ gətirir. Daha məhdud mənada isə Ə. istənilən 100 illik zaman intervalını deyil, konkret başlanğıc nöqtədən hesablanan eyni müddəti əhatə edir. Başlanğıc nöqtə istifadə olunan təqvim əsasında müəyyənləşdirilir. Müasir dünyada ən geniş tətbiq edilən Qriqorian təqvimində başlanğıc hesablama nöqtəsi 1-ci il yanvarın 1-i hesab olunur və müvafiq qaydada I əsr – 100-cü ilin dekabr ayının 31-də bitir. Bir sıra müsəlman ölkələrində bu gün də istifadə olunan hicri təqviminə görə isə illərin başlanğıc hesablama nöqtəsi 622-ci il iyulun 16-sı sayılır.

Tarix terminləri lüğəti