Reklam
Reklam

Tarix terminləri lüğəti

atabəy

1. Səlcuq sultanları vəliəhdlərinin tərbiyəçisi.

Səlcuqilər dövründə meydana gəlmiş A. adını daşıyan ilk şəxs sultan Alp Arslanın vəziri Nizamülmülk olub. Alp Arslan onu oğlu Məlikşaha tərbiyəçi təyin edib və A. adlandırıb. Böyük Səlcuqilər dövründə A. yüksək vəzifə və titul sayılırdı. A.-lər, bir qayda olaraq, ən nüfuzlu əmirlər arasından seçilib.

2. Səlcuqilər sülaləsinin süqutundan sonra imperiyanın ayrı-ayrı vilayətlərinə rəhbərlik edən şəxslərə verilən və irsən keçən titul, vəzifə.

Tarixdə Azərbaycan A.-ləri, Mosul və Hələb A.-ləri, Suriya A.-ləri və b. mövcud olub.

Tarix terminləri lüğəti

avro

«Avropa» sözünün qısaldılmış forması

Avrozonaya daxil olan ölkələrin rəsmi valyutası.

Valyutanın işarəsi – €, bank kodu – EUR-dur. A. Avropa Birliyinə üzv ölkələrdən əksəriyyətindən savayı, bəzi başqa dövlətlərin də milli valyutası funksiyasını yerinə yetirir. Lakin “Avrozona” iştirakçılarından fərqli olaraq həmin dövlətlər Avropa Mərkəzi Bankının pul-kredit siyasətinə təsir imkanlarına və həmin bankın rəhbər orqanlarına öz nümayəndələrini göndərmək hüququna malik deyil. A. 1999-cu il yanvarın 1-dən nağdsız hesablaşmalarda tətbiq olunmağa başlanıb, 2002-ci il yanvarın 1-dən isə nağd hesablaşmalar üçün əsginaslar və sikkələr formasında dövriyyəyə buraxılıb.

Tarix terminləri lüğəti

avropoid

Böyük Coğrafi kəşflərə kimi Avropa, Ön Asiya, Şimali Afrika, qismən Orta Asiya, eləcə də Hindistanın şimal və mərkəzi bölgələrində, sonralar isə bütün qitələrdə yayılmış insan irqi.

A. Yer kürəsində ən geniş yayılmış (dünya əhalisinin təqribən 40%-i) irq sayılır. Üzün horizontal müstəvidən xeyli qabağa çıxması, saçların düz və ya dalğavarı, əsasən, yumşaq (xüsusilə şimal qruplarında) olması, qaşüstü qövslərin böyüklüyü, iri göz kəsimləri, burunun böyüklüyü və üst hissəsinin qabarıqlığı, dodaqların orta qalınlığı, əl və ayaq pəncələrinin genişliyi A. irqinin ən səciyyəvi xüsusiyyətləri hesab edilir. Bundan əlavə, dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. A. irqi bir çox yarımtiplərə (Kaspi, Qafqazion, Aralıq dənizi, nord, alp və s.) bölünür.

See also:

Tarix terminləri lüğəti

avrosentrizm

lat. Europe – Avropa + centrum – dairənin mərkəzi

Avropa xalqlarının və Qərbi Avropa sivilizasiyasının digər xalqlar və sivilizasiyalar üzərində üstünlüyünü açıq və ya gizli şəkildə bəyan edən, avropalıların bəşər tarixində xüsusi rolunu vurğulayan fəlsəfi cərəyan və siyasi ideologiya.

Etnosentrizmin bir forması olan A.-ə görə Qərb ölkələrinin keçdiyi tarixi yol yeganə düzgün və nümunəvi yol hesab olunur. Bu səbəbdən geridə qalmış üçüncü dünya ölkələri Avropaya çatmaq üçün “Qərb yolu” ilə getməli, Qərbin ictimai institut və münasibətlərini təqlid etməlidir. A. humanitar elmlər sahəsində xüsusilə güclü mövqelərə malik olub.

Tarix terminləri lüğəti