Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qafqaz çoban iti

Qafqaz ovçarkası

Qafqaz bölgəsinə xas (endemik) it cinsi.

Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. Ad, bu cinsə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil, Qafqaz çoban iti, Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var: Kazbek və ya Gürcü dağ iti (qısa tüklü) və Qafqaz iti (uzun tüklü). Q.Ç.İ. iri quruluşlu və kobud görünüşlü heyvandır. Cinsin çəkisi 46-90 kq olur, 100 kq və artıq çəkili fərdlər çox təhlükəlidir. Hündürlüyü 74-88 sm-dir. Soyuğa və istiyə qarşı qorumanı təmin edən sıx tükləri var. Bir çox rəngdə ola bilər (boz və boz üzərində ağ ləkələr olan uzun tüklü formalara daha çox üstünlük verilir.) Əsasən sağlam, uzunömürlü və güclü itlərdir. Ancaq növün bud çanaq oynağının displaziyası, piylənmə və ürək xəstəlikləri kimi gec-gec rast gəlinən problemləri də vardır. Bu da ilk növbədə qidalanma və fiziki aktivliyin sahibləri tərəfindən düzgün seçilməməsindən irəli gəlir. Q.Ç.İ. iki yaşında yetkinliyə çatır. Digər cinslər kimi boğazlıq müddəti 58-63 gündür. Doğduğu bala sayı 1-16 arasında dəyişir (orta hesabla 7-9 bala doğur.) Bəzən ildə iki dəfə bala doğur. Q.Ç.İ.-nin qulaqları kəsilir. Bunun səbəbi döyüş vaxtı itin özünü qorumasına köməkçi olmasıdır. Ancaq bu itlərin quyruğu kəsilmir, əksinə uzun quyruq bu it cinsinin gücünün və güclü görünüşünün tamamlayıcısıdır.

Biologiya terminlərinin izahlı lüğəti

qurdbasar

Qoyun iti, Alabaş

Azərbaycanın yerli it cinsi.

Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idərə edilməsinə xidmət edir. Növ əsasən Azərbaycan ərazisində yayılmış və elə buradaca formalaşmışdır. Xüsusi ilə Qarabağ bölgəsində: Füzuli, Qubadlı, Laçın, Kəlbəcər rayonları həmçinin Quba, Xızı, Şamaxı, İsmayıllı və Qazax rayonları ərazilərindəki təsərrüfatlarda daha çox yararlanılır. Əsasən yaylaq və qışlaqlarda saxlanılırlar. Həm dağlıq, həm də düzən şəraitə yaxşı uyğunlaşır. Q. orta və iri bədən quruluşuna, boyun nahiyəsində kök və elastik dəri buxaqlarına görə seçilir. Q. 3 yaşında yetkinləşir; 15 il və daha artıq yaşayan fərdlər uzunömürlü hesab edilir. Erkəklər 72 sm (52 kq), dişiləri isə 66 sm (42 kq) hündürlüyə malik olular. Əsasən sıx tükə malik olan Q.-lar xəzlərinin fərqliliyi ilə əlaqədar 3 tipə bölünür: uzuntüklü tip (tüklərinin uzunluğu 10-12 sm, şirəbənzər, arxa ətrafalarda tüklər sanki şalvar formalı, quyruqları qalın və şişman), seyrəktüklü tip (tüklərin uzunluğu 5-8 sm, təsadüfü hallarda quyruq nahiyəsində şişman sıx tüklü) və qısatüklü tip (sıx tükə malik, tükləri qısa, boyun nahiyəsində şirəbənzər xəz yoxdur). Q. əsasən sarı (sarının müxtəlif çalarlarında), qara, zolaqlı, ağ, kül və boz rənglərdə ola bilir. Pəncə və boyun nahiyyələrində qırmızı-sarı rəngli ləkələr olur. Qara rəngli Q.-da göz ətraflarında sarı ləkələr olur.

Biologiya terminlərinin izahlı lüğəti