ahmad (əslində hamida) sözündən olub, tərifə layiq, bəyənilmiş, mədh edilməyə layiq, tərifləmək anlamlarını ifadə edir.
Adətən lüğətlərdə Əhməd “daha çox tərifə layiq olan” kimi izah edilir. Əhməd Şərq ölkələrində, eləcə də türk dünyasında geniş yayılmış kişi adlarındandır desək, yəqin ki, yanılmarıq. “Şəfa” kitabının müəllifi Qazı İyaza görə: “Rəsulullah (s.ə.s.) Məhəmməd adı verilməmişdən əvvəl Əhməd idi. Çünkü keçmiș səmavi kitablarda (“Tövrat” və “İncil”də) Əhməd adı ilə adlandırılırdı. “Qurani-Kərim”də isə onun adı Məhəmməd kimi verilir. İslam dini ilə bağlı mənbələrdə qeyd edildiyi kimi, o, insanlar onu (Rəsulullahı) öymədən əvvəl Rəbbini mədh etmişdir, Ona həmd etmişdir. O, axirətdə Rəbbinə həmd edəcək, Allah da onun șəfaətini qəbul edəcək. O, “Həmd” surəsi (“Fatihə”), Livaul-Həmd (Həmd bayrağı) və Məqami-Mahmud kimi hədiyyələrlə şərəfraz edildi; müxtəlif davranıșlardan sonra həmd etmək ona şəriət hökmü kimi əmr edildi; ümməti “hammadun” adlandırıldı və onda həmdin bütün mənaları cəmləndi”. Beləliklə, dini mənbələrdən də məlum olur ki, Əhməd Məhəmməd Peyğəmbərin adlarındadır. Müsəlman aləmində əvvəllər ailələrdə qardaşların adları çox vaxt Əhməd və Məhəmməd olardı. Tarixdən məlum olduğu kimi, XII əsrin sonları, XIII əsrdə də Marağa hakimi olmuş Əlaəddin Körpə Arslanın oğlanlarının adları Əhməd və Məhəmməd olmuşdur. Adın Şərqdə məşhur daşıyıcılarından misirli əsgər və milli lider Əhməd Ərəbi (1839-1911), Əfqanıstan dövlətinin banisi və birinci monarxı Əhməd Şah Durani (1724-1773), yaxud XVII-XVIII əsrlərdə yaşamış Türkiyə sultanlarından Sultan Əhməd, Azərbaycanda XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əhməd bəy Ağayev kimi məşhurlar var. İrəvan xanlığının tarixində Əhməd xan 1806-1807-ci illərdə İrəvan xanı olmuşdur. Azərbaycan ərazisində Əhməd şəxs adı ilə əlaqədar Əhmədabad, Əhmədavar, Əhmədbəyli, Əhmədli və s. toponimlər də geniş yayılmışdır. Əhmədov, Əhmədli, Əhmədzadə soyadları da Azərbaycanda geniş yayımışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti