ərəb. suad sözündən olub, xoşbəxtliklə əlaqədar, bəxtiyarlıqla bağlı, bəxtəvər anlamlarını ifadə edir.
Türk antroponimik vahidlər sistemində mövcud Suad şəxs adı qədim ərəb adlarındandır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş Suat, həmçinin -a şəkilçisinin artırılması ilə yaranmış Suada formaları da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Suad şəxs adı məişətimizə XX əsrin ortalarından daxil olmuşdur. Görkəmli türk yazıçısı və ictimai xadim Suad Dərvişin əsərləri (1903-1972) Sovet İttifaqında geniş təbliğ olunurdu. Bu, yazıçı xanımın publisistik yazılarında Sovet İttifaqına marağı, rəğbəti ilə əlaqədar idi. “Əminə”, “Fosforlu Cevriyə” kimi romanları, eləcə də kiçik hekayələri dilimizə tərcümə ediləndən sonra xalqımızın sevimli yazıçıya məhəbbəti Suad adının məişətimizə daxil olmasına səbəb olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti