Reklam
Reklam

Tarix terminləri lüğəti

parlamentarizm

Parlament idarəetməsinə əsaslanan dövlət quruluşu sistemi.

P.-də qanunverici və icraedici hakimiyyətlərin funksiyaları dəqiq sərhədlərə malik olur, parlament ölkənin idarəetmə sistemində üstün və imtiyazlı mövqe tutur. Ölkədə ali hakimiyyət parlamentin əlində cəmlənir. Hər hansı dövlətdə parlamentin mövcudluğu hələ orada P.-in olması demək deyil. Belə dövlət quruluşu sistemi yalnız parlamentli respublikalara və ya parlamentli monarxiyalara xasdır. Həmin sistemdə hakimiyyət institutlarının formalaşdırılması, onların fəaliyyətinə nəzarət funksiyası, eləcə də prezidentin seçilməsi səlahiyyəti parlamentə məxsusdur. Hazırda Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya, Yaponiya tipik P. ölkələri sayılır.

Tarix terminləri lüğəti

parslar

qucarat. Parsi – Pars sakini

Hindistan (əsasən, Qucarat ştatı) və Pakistanda zərdüştilik tərəfdarları olan dini icmanın üzvləri.

P. ərəb işğallarından sonra – VII–X əsrlərdə İrandan köçüb gəlmiş zərdüştilərin varisləri hesab olunurlar. Onlar oda sitayiş edirlər; müqəddəs saydıqları od, su, hava və torpağı murdarlamamağa çalışırlar; hətta buna görə ölülərini quzğunlara yem olmaq üçün “sükut qüllələri” adlanan xüsusi tikililərə qoyurlar. P. qucarat dilində danışırlar, dini kitabları Avesta olaraq qalır.

Tarix terminləri lüğəti

paşa

XV–XX əsrlərdə Osmanlı dövlətində ali hərbi və mülki məmurlar üçün nəzərdə tutulmuş fəxri rütbə.

Dərəcələr üzrə bir, iki və üç tuğlu P.-lar olub. Ən yüksək – üç tuğlu P. vəzir vəzifəsinə uyğun gəlib. XIX əsrdə tənzimat islahatları və nizami ordunun yaradılmasından sonra P. yalnız nazirlər və generalların fəxri titulu kimi saxlanılıb. Türkiyə Cümhuriyyətində (1923-cü ildən) ancaq general və marşallara verilib, 1934-cü ildə isə tam ləğv edilib. Osmanlı dövlətinin süqutundan (1918) sonra eyni titul Misirdə (1952-ci ilədək) və İraqda (1958-ci ilədək) da verilib.

Tarix terminləri lüğəti