Reklam
Reklam

Tarix terminləri lüğəti

utilər

Müasir udinlərin sələfləri hesab olunan Qafqaz Albaniyası tayfalarından biri.

Bəzi tədqiqatçılar U.-i e.ə. III–II minilliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış kutilərlə eyniləşdirirlər. Onların fikrincə, lullubelər tərəfindən sıxışdırılan bu tayfa sonradan şimala doğru hərəkət edərək Göyçə gölü ətrafında və Kür-Araz vadisində məskunlaşıb. Herodot U.-in Əhəmənilər dövlətinin XIV dairəsinə daxil olduğunu göstərir. Herodot onların e.ə. 490-cı il İran-yunan müharibəsində iştirak etməsi barədə məlumat verir. Strabon isə U.-in bir hissəsinin Xəzər sahilində, digər qisminin indiki düzən Qarabağdan Qazax-Tovuz bölgəsinədək olan ərazini əhatə edən Uti vilayətində yaşadığını göstərir.

Tarix terminləri lüğəti

ustaclılar

XI əsrdə səlcuqların tərkibində Mərkəzi Asiyadan Kiçik Asiyaya, XV əsrin sonlarında Azərbaycana gəlmiş və azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfası.

Ehtimala görə, U.-ın adı tayfa əmirlərindən biri Ustaca oğlu Məhəmməd xanın adından götürülüb. Səfəviyyə şeyxlərinin təlimini qəbul edib onların müridlərinə çevrilən U. qızılbaş tayfa birliyinin tərkibində Səfəvi dövlətinin yaranmasında mühüm rol oynayıblar. Səfəvi sərkərdələrinin və bəylərbəyilərinin bir çoxu bu tayfanın nümayəndəsi olan əmirlərdən təyin edilib. U. sonralar çavuşlu, toxmaq, küsülü, kəngərli və bu kimi qruplara bölünüblər.

Tarix terminləri lüğəti

Uruk mədəniyyəti

Cənubi Mesopotamiyada e.ə. IV minilliyə (Eneolit dövrü) aid arxeoloji mədəniyyət.

Bu mədəniyyət üçün səciyyəvi olan abidələr Şumer sivilizasiyasının mərkəzlərindən birində – qədim Uruk şəhəri ərazisində aşkarlandığından o belə adlandırılıb. Dulus çarxında hazırlanmış qırmızı və boz rəngli keramika, inkişaf etmiş metallurgiya U. mədəniyyətinin xarakterik cəhətləri hesab olunur. Bu dövrdə silindrvarı möhürlər, gil lövhələr üzərində piktoqrafik yazılı sənədlər meydana çıxıb, çiy kərpicdən monumental binalar ucaldılıb. Qazıntılar zamanı aşkar edilən “Qırmızı məbəd” və “Ağ məbəd” adlı iki böyük tikili onlara misaldır. U. mədəniyyətinin daşıyıcıları əkinçilik və maldarlıqla məşğul olublar.

Tarix terminləri lüğəti

uryadnik

1. 1878–1917-ci illərdə Rusiya imperiyasında qəza polisində kiçik zabit rütbəsi.

Pristava tabe olan U. yüzbaşıların fəaliyyətinə nəzarət edib.

2. 1917-ci ilə kimi Rusiyanın kazak qoşunlarında unter-zabit rütbəsi.

Tarix terminləri lüğəti