Reklam
Reklam

Tarix terminləri lüğəti

çobanilər

Türk-monqol mənşəli nəsil, sonralar tayfa.

Ç. Suldus tayfasından törəyiblər. Suldus tayfa başçıları Çingiz xanın hakimiyyətə keçməsində, sonralar isə onun apardığı müharibələrdə yaxından iştirak ediblər. Elxanilər dövləti (1256–1357) yarandıqdan sonra bu tayfa Urmiya gölü ətrafında məskunlaşıb. Onların nümayəndəsi Əmir Çoban Elxanilər dövlətinin idarə olunmasında mühüm rol oynayıb və tayfa Ç. adı ilə tanınmağa başlayıb. 1357-ci ildə Elxanilərin süqutundan sonra Ç. siyasi həyatdan uzaqlaşıblar. Elxanilər dövlətində faktik hakimiyyət Ç.-in əlində olduğu üçün tarixi ədəbiyyatda bəzən yanlış olaraq “Ç. dövləti” termini də işlənir. Lakin Ç. yalnız Elxanilərin baş əmirləri olublar, onlar heç vaxt özlərini hökmdar elan etməyib, adlarına pul kəsdirməyib və xütbə oxutdurmayıblar.

Tarix terminləri lüğəti

çoppinq

ing. chopping – kəsmə, doğrama

Qədim və Orta Paleolit dövrünə aid kəsici əmək aləti.

Çopperdən fərqli olaraq Ç.-i ibtidai insanlar çaydaşının hər iki tərəfindən qəlpələr qoparmaq üsulu ilə hazırlayıblar. Bu səbəbdən Ç.-lərin ağzı daha iti olub, ibtidai insanların işi xeyli asanlaşıb. Azərbaycanda Ç. tipli əmək alətləri Azıx mağarasının 5–8-ci təbəqələrindən tapılıb.

Tarix terminləri lüğəti

çorbacı

türk. çorbacı – hərfi mənası: duru xörək paylayan

1. Yeniçərilərdə orta (bölük, rota) komandir vəzifəsinə uyğun olan zabit rütbəsi.

2. Osmanlı imperiyasında kənd əhalisinin yuxarı təbəqəsinə mənsub olan yüzbaşı, kəndxuda və ya varlı kəndli.

3. XIX əsrdə Türkiyənin əyalət şəhərlərində, əsasən, varlı xristianlara verilən ad.

4. Müasir Türkiyədə dənizçilərin danışıq dilində gəmi sahibi.

Tarix terminləri lüğəti

“Böyük dəyənək siyasəti”

ing. Big Stick Policy

ABŞ prezidenti Teodor Ruzveltin Latın Amerikası ölkələrinə münasibətdə irəli sürdüyü “Monro doktrinası”nın geniş mənada yozumu.

1904–1905-ci illərdə formalaşmış B.D.S. Latın Amerikası ölkələrində baş verən konfliktlərin həlli funksiyasını (o cümlədən hərbi güc tətbiq etməklə) məhz ABŞ-ın yerinə yetirməsini nəzərdə tutub. Bu siyasətə görə, ABŞ, Latın Amerikası ölkələri ilə Avropa dövlətləri arasında mübahisələri nizamlamaq məsuliyyətini də öz üzərinə götürüb. 1933-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt B.D.S.-ni “Xeyirxah qonşuluq siyasəti” ilə əvəzləyib.

Tarix terminləri lüğəti