Reklam
Reklam

Tarix terminləri lüğəti

domen

fr. domaine < lat. dominium – mülk, sahiblik

Orta əsrlərdə Avropada monarxa və ya feodala məxsus mülk, iri torpaq sahələri.

Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində krala məxsus irsi torpaq sahələri kral D.-i adlanırdı. Ölkənin müxtəlif regionlarına səpələnmiş krala məxsus mülklər, qalalar, şəhərlər, meşə və otlaqlar da D.-ə daxil olub. D.-dən əldə edilən gəlirlər kral və onun yaxın ətrafını saxlamaq üçün tələb olunan vəsaitin əsas hissəsini təşkil edib. İri feodalların torpaq sahələrinin D.-ə birləşdirilməsi kral hakimiyyətinin möhkəmləndirilməsinin və feodal pərakəndəliyinin aradan qaldırılmasının əsas vasitələrindən biri olub. Hersoq, qraf və digər iri feodalların da öz D.-ləri olub. Feodalizm dövründə feodal mülkünün bir hissəsi isə senyorial D. adlanırdı. Burada feodal asılı kəndlilərin və torpaqsız işçilərin əməyindən istifadə etməklə müstəqil şəkildə təsərrüfatla məşğul olub. Əkin sahələri, çəmənliklər, bağlar, tikililər, canlı və cansız inventar da D.-ə daxil olub.

Tarix terminləri lüğəti

dorilər

yun. dorièis

Axeylər, ioniyalılar, eollarla (aiollarla) yanaşı, dörd əsas qədim yunan tayfasından biri.

D. (yaxud dorlar) öncə Şimali və Mərkəzi Yunanıstanda məskunlaşıblar, e.ə. XII əsrdə isə Peloponnesin cənub-qərb rayonlarına, daha sonra Krit, Rodos və Egey dənizindəki digər adalara köçüblər. Onlar Mikena mədəniyyətinə aid axey şəhər-dövlətlərini ələ keçiriblər, habelə Lakonika vilayətini tutaraq orada Sparta şəhərinin əsasını qoyublar. Sparta D.-in ən məşhur polisinə (şəhər-dövlətinə) çevrilib. E.ə. VIII–VI əsrlərdə D. Siciliya, Cənubi İtaliya, Qara dəniz sahilləri və Kiçik Asiyada da çoxsaylı koloniyalar yaradıblar.

Tarix terminləri lüğəti

dörd D siyasəti

Krım və Potsdam konfranslarının qərarlarına görə, müttəfiqlərin II Dünya müharibəsindən (1939–1945) sonra Almaniya ilə bağlı həyata keçirməli olduqları siyasət.

Bu siyasətin dörd vacib komponenti olub:

1) denasifikasiya – alman cəmiyyəti, mədəniyyəti, mətbuatı, hüquq sistemi və siyasətinin nasional-sosializm ideologiyasının hər cür təsirindən “təmizlənməsi”;

2) demilitarizasiya – alman ordusunun buraxılması, silah ehtiyatlarının ləğvi və Almaniyanın hərbi-sənaye kompleksinin demontajı;

3) demokratikləşdirmə – Almaniyanın siyasi həyatının demokratik əsaslarla qurulması, demokratik siyasi partiyaların fəaliyyətinə icazə verilməsi, söz, mətbuat və vicdan azadlığının bərqərar edilməsi;

4) desentralizasiya – Almaniyanın federallaşması, mühüm siyasi qərarların qəbulu səlahiyyətlərinin orta (federal torpaqlara) və aşağı (şəhər, qəsəbə, kənd) səviyyəyə verilməsi.

Tarix terminləri lüğəti