Reklam
Reklam

Tarix terminləri lüğəti

ixracat

ər. – xaric etmə, çıxarma

Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, həmçinin Azərbaycanda mövcud olmuş vergi.

Azərbaycanda monqol işğalı dövründən tətbiq edilən İ. ordunun ehtiyaclarını, vəzifəli şəxslərin səfər xərclərini ödəmək və s. üçün toplanıb. Sonralar İ. əyanların, məmurların və onları müşayiət edən şəxslərin xeyrinə yığılan fövqəladə vergiyə çevrilib. Ağqoyunlu hökmdarı Gödək Əhməd İ.-ı ləğv edib (1497), lakin onun ölümündən sonra bu vergi növü yenidən bərpa olunub.

Tarix terminləri lüğəti

ikihakimiyyətlilik

Rusiyada Fevral burjua inqilabından sonra 1917-ci ilin mart-iyul aylarında Müvəqqəti hökumətin və inqilabi-demokratik diktaturanın – Əsgər, Fəhlə və Kəndli Deputatları Sovetləri hakimiyyətinin özünəməxsus ziddiyyətli çulğalaşması.

İyulun 9(22)-da Sovetlər tərəfindən Müvəqqəti hökumətin qeyri-məhdud səlahiyyətlərinin tanınması ilə İ. dövrü sona yetib.

Tarix terminləri lüğəti

İkinci imperiya

Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr).

1870-ci il sentyabr inqilabı nəticəsində İ.İ. süqut edib.

Tarix terminləri lüğəti

İkinci respublika

İyul monarxiyasının süqutundan sonra 1848-ci il fevralın 25-də Fransada bərqərar olmuş respublika idarə üsulu dövrü.

İ.R. 1852-ci il dekabrın 2-dək mövcud olub.

Tarix terminləri lüğəti

iqtadar

ər. iqta – torpaq payı + fars. dara – sahib, malik olan

İqta sahibi.

Bu terminə ilk dəfə XI əsr mənbələrində rast gəlinir. Səlcuqlar, Eldənizlər və Elxanilər dövründə Azərbaycanda geniş torpaq sahələrinə malik İ.-lar təbəqəsi olub.

Tarix terminləri lüğəti

ikona

yun. eikón – təsvir, obraz

Xristianlıqda (əsasən, katolisizmpravoslavlıqda) Bibliya, yaxud kilsə tarixindəki şəxs və hadisələrin əks olunduğu müqəddəs təsvir.

Katolisizmdə heykəltəraşlıq təsvirləri, pravoslavlıqda isə ağac üzərində təsvirlər daha geniş yayılıb. Xristianlığın ilkin dönəmlərində İ.-lar olmayıb, onlar təqribən II əsrdən etibarən yaradılmağa başlayıb. Bir çox kilsə xadimləri və dini qruplar İ.-ları bütpərəstlik əlaməti hesab edərək belə təsvirlərə qarşı çıxıblar. Həqiqətən, bəzi hallarda İ. kultu faktik olaraq bütpərəstliyə çevrilib. Bununla belə, katolik və pravoslav kilsələri İ.-ların müxtəlif magik xüsusiyyətlərə malik olduqlarını iddia edirlər.

Tarix terminləri lüğəti

il

türk. – el

Türkiyə Cümhuriyyəti rəsmən elan olunduqdan sonra (29 oktyabr, 1923) bu ölkənin inzibati-ərazi bölgüsü sistemində əsas vahid.

Vilayətə bərabər tutulan İ., öz növbəsində, daha kiçik inzibati-ərazi vahidlərinə – ilçələrə bölünür. 2016-cı ilin əvvəlinə olan məlumata görə, Türkiyədə 81 İ., 957 ilçə olub. İ.-də yerli idarəçiliyi ölkə prezidentinin təyin etdiyi vali həyata keçirir.

Tarix terminləri lüğəti