Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ənənəvi enerji mənbələri

yun. energeia – fəaliyyət, hərəkət

Ənənəvi üsullarla enerji hasil etmək üçün uzun müddətdir istifadə olunan mənbələr.

Bunların əksəriyyəti bərpa olunmayan enerji mənbələrindən – bitki və heyvan qalıqlarından formalaşmış faydalı qazıntılardan ibarətdir: kömür, neft, qaz, yanar şist və s. Eyni zamanda çayların suyu və nüvə parçalanması nəticəsində əldə edilən atom enerjisi də Ə.E.M. sırasına daxildir. 2010-cu ildə dünyada istehsal olunmuş elektrik enerjisinin tam əksəriyyəti Ə.E.M.-ndən istifadə edən istilik, su və atom-elektrik stansiyalarının payına düşüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ənənəvi olmayan enerji mənbələri

Qeyri-ənənəvi üsullar və müasir texnologiyaların vasitəsilə enerji hasil etmək üçün istifadə olunan mənbələr.

Ə.O.E.M. – ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələridir. Onların sırasına günəşin elektromaqnit şüalanması (günəş enerjisi), külək (küləyin kinetik enerjisi), okean və dənizlərin suyu (qabarma və çəkilmə, dalğa enerjisi), yeraltı istilik mənbələri (geotermal enerji), biokütlə (bioenerji, kimyəvi enerji) və s. daxildir. XX əsrin 70-ci illərində Yer kürəsində yaranan enerji böhranı yeni, “ənənəvi olmayan”, “bərpa olunan”, yaxud “alternativ” adlandırılan enerji mənbələrinə marağı artırıb. Beynəlxalq proqnozlara görə, 2050-ci ildə bu mənbələr dünyada elektrik enerjisinə olan tələbatın yarısını ödəyə bilər.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ərazi istehsal kompleksi (ƏİK)

lat. complex – əlaqə, rabitə

İqtisadi coğrafiyada: fərqli bölgələrdə yerləşən və qarşılıqlı əlaqədə olan müxtəlif təsərrüfat sahələrinə aid istehsalat müəssisələrinin birliyi.

Bu komplekslərin formalaşması təbii resurslardan və əmək ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Azərbaycanda bir neçə ƏİK yaradılıb: Gəncə-Daşkəsən, Bakı-Sumqayıt, Yevlax-Mingəçevir və Salyan-Şirvan.

Coğrafiya terminləri lüğəti

əsas çay

Çay sistemində ən uzun və ən geniş yatağa malik, adətən, həm də ən sulu çay.

Ə.Ç. bilavasitə okeana, dənizə, gölə axır, nadir hallarda isə qumluqlarda və ya bataqlıqlarda “itir”.

Coğrafiya terminləri lüğəti

ətraf mühit

Canlı orqanizmlərin yaşadıqları və fəaliyyət göstərdikləri şərait, onları əhatə edən xarici aləm.

Atmosfer və onun dövranı, günəş işığı və istilik, torpaq, süxurlar və onların tərkibi, qazlar və məhlullar, su, hava, ərazinin və ya akvatoriyanın ümumi iqlimi – bunlar hamısı Ə.M.-i təşkil edən elementlərdir. Beynəlxalq sənədlərdə Ə.M. termini, adətən, Yerin lokal və qlobal ekoloji sistemlərinin vəziyyətini təsvir etmək üçün deyil, bir qədər dar mənada – bu sistemlərin insanla qarşılıqlı əlaqəsini səciyyələndirmək üçün işlədilir. Azərbaycan qanunvericiliyində də Ə.M. anlayışının izahı bu mövqedən verilir: “insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiət”.

Coğrafiya terminləri lüğəti

ətraf mühitə nəzarət

Ətraf mühitin ekoloji, tibbi-bioloji və sosial-psixoloji komponentlərinin vəziyyətinin və bu vəziyyətdə baş verən dəyişikliklərin planlı müşahidəsi.

Məsələn, suyun və havanın keyfiyyətinə, radiasiya səviyyəsinə nəzarət. Bu nəzarətin başlıca mexanizmi daimi, yaxud vaxtaşırı monitorinqlər, həmçinin ətraf mühiti çirkləndirənlərə qarşı görülən tədbirlərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ətraf mühitin çirklənməsi

Təbii və antropogen mənfi təsirlər nəticəsində ətraf mühitin yol verilən normadan artıq dəyişməsi.

Çirkləndirici elementlərə bərk, maye və qaz halında istehsal tullantıları, ziyanlı radiasiya, səs-küy və s. daxildir. Ətraf mühitnin mexaniki (zibillənmə), fiziki (xassələrini dəyişmə), kimyəvi və bioloji çirklənməyə ən çox məruz qalan komponentləri torpaq, atmosfer və su hövzələridir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti