Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

coğrafi proqnoz

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + yun. prognosis – öncəgörmə

Təbiətdə, coğrafi mühitdə gələcəkdə baş verəcək dəyişikliklər, bu dəyişikliklərin xüsusiyyətləri, səbəbləri və nəticələri haqqında elmi cəhətdən əsaslandırılmış məlumat.

C.P. davamlı inkişafın planlı surətdə təmin edilməsi, gözlənilən mənfi proseslərin qarşısının alınması baxımından mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

coğrafi təbəqə

Litosferin yuxarı hissəsini, atmosferin aşağı qatını, bütün hidrosferi və biosferi əhatə edən təbəqə.

C.T. başqa təbəqələrdən tərkibinin, quruluşunun çox mürəkkəb və müxtəlif olması ilə fərqlənir. C.T.-ni əmələ gətirən komponentlər arasında sıx rabitə, qarşılıqlı asılılıq və təsir mövcuddur – onlar vəhdət təşkil edir. C.T.-də proseslər həm kosmik (günəş enerjisi), həm də Yerin daxili enerjisi hesabına baş verir. Təbəqənin qalınlığı barədə elmi mənbələrdə müxtəlif rəqəmlər göstərilir – 40 km-dən 100 km-dək. C.T.-nin unikallığı ondadır ki, Yerdə həyat məhz bu təbəqədə yaranıb və inkişaf edib.

Coğrafiya terminləri lüğəti

coğrafi uzunluq

Yer səthində hər hansı nöqtənin vəziyyətini təyin edən koordinatlardan biri, həmin nöqtənin başlanğıc meridianından dərəcələrlə ifadə olunan məsafəsi.

C.U. başlanğıc meridianından şərqə və qərbə doğru 0°-dən 180°-yə qədər hesablanır. Şərq istiqamətində 180°-dək C.U. şərq uzunluğu (ş.u.), qərb istiqamətində 180°-dək C.U. qərb uzunluğu (q.u.) adlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafi yarımzona

Bir coğrafi zona daxilində müəyyən əlamətlərinə görə digərlərindən fərqlənən sahə.

C.Y. coğrafi zonanın tərkibində Yer səthinin fiziki-coğrafi bölgüsünün pillələrindən biridir.

Coğrafiya terminləri lüğəti

coğrafi zona

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + yun. zone – qurşaq

Yer səthinin iqlim şəraitindən, landşaftdan, bitki və ya heyvanlar aləminin tərkibindən asılı olaraq bir-birini qanunauyğun şəkildə əvəzləyən paralel və ya çoxmərtəbəli sahələri.

Coğrafiyada universal terminlərdən biri olub qurşaq, zolaq mənasında da işlədilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafi zonallıq

Yer səthində coğrafi örtüyün quruluşunun dəyişməsi qanunauyğunluğu, universal coğrafi qanunauyğunluqlardan biri.

Şaquli və üfüqi zonallıq mövcuddur. Üfüqi zonallıq ekvatordan qütblərə doğru müxtəlif landşaft tiplərinin bir-birini əvəz etməsidir. Buna səbəb günəş enerjisinin coğrafi enliklər üzrə qeyri-bərabər paylanması, nəticədə istilik, rütubət, mineral və üzvi maddələr dövranı intensivliyinin dəyişməsidir. Günəş şüalarına perpendikulyar səth (ekvatorial enliklər) maksimal enerji alır, meyillilik artdıqca (qütblərə doğru) enerji azalır. Şaquli zonallıq isə hündürlükdən və ya dərinlikdən asılı olaraq təbii komplesklərdə qanunauyğun dəyişikliklərin baş verməsidir. Şaquli zonallıq dağlarda zirvəyə qalxdıqca istilik və rütubət fərqinin çoxalması, okean və dənizlərdə isə dərinə endikcə temperaturun və günəş işığının azalması nəticəsində yaranır. C.Z. əsasında Yerin səthi zonalara və yarımzonalara bölünür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafiya

Bir-biri ilə sıx əlaqədə olan, Yerin coğrafi örtüyünü, onun strukturunu, komponentlərini öyrənən təbiət elmlərinin və ictimai elmlərin cəmi.

Fiziki C. və ictimai-iqtisadi C. kimi iki böyük sahəyə bölünür. Kartoqrafiya C.-nın xüsusi sahəsini təşkil edir. Təbiətlə insanın, cəmiyyətin qarşılıqlı təsirinin öyrənilməsi coğrafi araşdırmaların ən mühüm istiqamətlərindən biridir. C. terminini elmə e.ə. II əsrdə yunan alimi Eratosfen gətirib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafiya xəritəsi

Yer səthinin kiçildilmiş ölçüdə və şərti işarələrlə müstəvi üzərində təsviri.

C.X. əhatə dairəsinə (qitə, ölkə və s.), məzmununa (ümumi, ayrı-ayrı sahələr üzrə), istifadə məqsədinə (turist və s.), miqyasına (iri miqyaslı – 1:200 000-dək; orta miqyaslı – 1:200 000 – 1:1 000 000 arası; kiçik miqyaslı – 1:1 000 000-dan artıq) görə fərqləndirilir. Böyük sahələr təsvir edilmiş xəritələrdə Yerin formasından asılı olaraq müəyyən təhrifə yol verilir.

Coğrafiya terminləri lüğəti

cespilit

ing. jasper – yəşəm, yaşma + yun. lithos – daş

Zolaqlı metamorfik süxur.

Çökmə və ya çökmə-vulkanik mənşəli kvars, yəşəm, hematitmaqnetit araqatlarının (qalınlığı 0,5-3 mm) növbələşməsindən ibarətdir. Rəngi tünd-boz, bənövşəyi-qırmızı olur. Dəmir filizidir.

Coğrafiya terminləri lüğəti