Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

krater gölü

Sönmüş və ya yatmış vulkanın kraterinin, əsasən, atmosfer suları ilə dolması nəticəsində yaranan göl.

K.G. dəyirmi forması və sahil xəttinin az parçalanması ilə səciyyələnir, sahəsinin kiçik, lakin nisbətən dərin olması ilə başqa göl tiplərindən fərqlənir. Belə göllər seysmik zonalarda yayılıb: məsələn, Kosta-Rikada İrasu, Efiopiyada Vençi, Türkiyədə Nemrut, Yeni Zelandiyada Taupo və s.

Coğrafiya terminləri lüğəti

krik

ing. creek – döngə

Arid iqlim şəraitində müvəqqəti axara malik, ilin yağıntısız dövründə quruyan çaylar.

K.-lərə Avstraliyada, dünyanın digər quraq ərazilərində (Böyük Səhra, Kalaxari yaylası, Mərkəzi Asiya, Ərəbistan yarımadası və s.) rast gəlinir. Coğrafi xəritələrdə K.-lər qırıq xətlərlə işarə olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

kriosfer

yun. krios – soyuq + yun. sphaira – şar

Yer örtüyünün hava, su və süxurların mənfi temperaturu ilə səciyyələnən hissəsi.

K.-ə atmosfer, hidrosferlitosferin müəyyən sahələri daxildir: onun aşağı sərhədi isti qurşaqlarda atmosferin yuxarı təbəqələrindən – buz dənəciklərindən ibarət buludlardan keçir, qütblərə doğru Yer səthinə tərəf əyilərək hidrosferə (buzlaqlar) və litosferə (daimi donuşluqlar) nüfuz edir. K.-in Yer səthindən maksimum dərinliyi Antarktidada 4 km, subarktikada fəsillər üzrə dəyişməklə təqribən 1,5 km təşkil edir. K. terminini elmə 1923-cü ildə polşalı alim Antoni Dobrovolski gətirib.

Coğrafiya terminləri lüğəti

kriptodepressiya

yun. kryptos – gizlin + yun. depressio – enmə, basılma

Su ilə dolmuş, dibi dəniz səviyyəsindən aşağıda, su səthi isə dəniz səviyyəsindən yuxarıda olan ərazi.

Baykal, Ladoqa, Viktoriya, Tanqanika gölləri K.-lardır. Xəzər dənizi isə K. deyil, çünki onun su səthi dəniz səviyyəsindən aşağıda yerləşir.

Coğrafiya terminləri lüğəti

Kriptozoy

yun. kryptos – gizlin + yun. zoe – həyat

Yerin geoloji tarixində ilkin mərhələ, iki eondan biri.

Yerin yaranışından (təxminən 4,5-4,6 mlrd. il əvvəl) Kembri dövrünə qədər (600-540 mln. il əvvəl) davam edib, buna görə onu Kembriyəqədərki eon da adlandırırlar. K. eonu iki (ArxeyProterozoy), bəzi geoxronoloji şkalalarda üç (həmçinin Katarxey) hissəyə bölünür. K. eonuna aid süxurlara skeletli fauna qalıqları aşkar edilməyən ən qədim süxur qatları daxildir. Bu mərhələdə orqanik həyat yalnız bakteriyalardan, bəzi sadə yosun və onurğasız heyvan növlərindən (məsələn, siklomeduza) ibarət olub. K. terminini Yerin geoloji tarixini 2 ən böyük mərhələyə ayırmış Amerika geoloqu Ceyms Çedvik təklif edib (1930).

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

kserofit

yun. xeros quru + yun. phitos – bitki

Quraqlıq sahələrin bitki örtüyü.

K.-lər, əsasən, səhra və yarımsəhra ərazilərdə bitir. K.-lərin yayıldığı sahələrdə rütubət çatışmazlığı olduğu üçün onların kökü xeyli dərinə gedir.

Coğrafiya terminləri lüğəti

külək

Havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi yerdəyişməsi.

K. nəticəsində istilik və rütubət bir ərazidən digər əraziyə aparılır. Atmosfer təzyiqinin təsiri altında yaranan K.-lər istiqaməti və sürəti ilə səciyyələnir. Onların istiqamətini flüger cihazı ilə, sürətini isə anemometrlə (m/san və ya km/saat) təyin edirlər. K.-in gücü sürəti ilə düz mütənasibdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

külək cərəyanı

Dənizlərdə və okeanlarda küləyin su səthinə sürtünməsi nəticəsində əmələ gələn cərəyan, sürtünmə qüvvəsinin yaratdığı su kütləsi axını.

Ən güclü K.C.-larını şimal və cənub passatları yaradır.

Coğrafiya terminləri lüğəti

külək gülü

Müəyyən məntəqədə müxtəlif istiqamətli küləklərin çoxillik müşahidələr əsasında tərtib olunmuş diaqramı.

K.G. ay, fəsil, il üzrə tərtib olunur. Bu diaqrama görə ərazidə hakim küləyin istiqamətini, məntəqədə küləkli və küləksiz günlərin sayını müəyyənləşdirmək mümkündür. O, çoxbucaqlıya bənzəyir: mərkəzdə bir nöqtədən çıxan oxlar üfüqün rumblarına doğru uzanır. Hər oxun uzunluğu küləyin həmin istiqamətdə ildə (ayda, fəsildə) nə qədər təkrarlanmasından asılıdır. K.G. aerodromların, körpülərin tikintisi, yaşayış məntəqələrinin planlaşdırılması, meşə zolaqlarının salınması və s. hallarda nəzərə alınır.

Coğrafiya terminləri lüğəti

küləklərin tipoloji təsnifatı

yun. typos – forma, nümunə + logos – elm, təlim

Küləklərin eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.

K.T.T., əsasən, onların istiqamətinə və gücünə (sürətinə) görə aparılır. Küləyin əsdiyi cəhət onun istiqamətini müəyyənləşdirir: şimal, şərq, qərb, cənub, həmçinin şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb küləkləri. Küləklərin gücü isə sürətdən asılı olaraq 12 ballıq Bofort şkalası ilə ölçülür. 0 bal – şəlakətə (0-0,2 m/san), 1 bal – sakit külək və ya əsintiyə (0,3-1,5 m/san), 2 bal – yüngül və ya xəfif küləyə (1,6-3,3 m/san), 3 bal – zəif küləyə (3,4-5,4 m/san), 4 bal – mülayim küləyə (5,5-7,9 m/san), 5 bal – təzə və ya sərt küləyə (8-10,7 m/san), 6 bal – güclü küləyə (10,8-13,8 m/san), 7 bal – möhkəm küləyə (13,9-17,1 m/san), 8 bal – çox möhkəm və ya şiddətli küləyə (17,2-20,7 m/san), 9 bal – fırtınaya (20,8-24,4 m/san), 10 bal – güclü fırtınaya (24,5-28,4 m/san), 11 bal – şiddətli fırtınaya (28,5-32,6 m/san), 12 bal – qasırğaya (32,6 m/san-dən çox) uyğun gəlir. Bundan başqa, küləklər əsmə müddəti, əhatə etdikləri ərazi, digər xüsusiyyətləri üzrə də qruplara bölünür. Əsmə müddətinə görə qısamüddətli (məs.: briz), mövsümi (məs.: musson), daimi (məs.: ilboyu istiqamətini dəyişməyən passat), əhatə etdikləri əraziyə görə dünya miqyaslı (məs.: Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan külək), qitə miqyaslı (məs.: musson), yerli miqyaslı (məs.: xəzri, fön) küləklər fərqləndirilir.

Coğrafiya terminləri lüğəti