Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

landşaftın plastikliyi

alm. landschaft – ölkə, mahal + yun. plastikos – çevik, yapmaq üçün yararlı

Xarici faktorların təsiri altında landşaftın öz əsas xüsusiyyətlərini saxlamaqla dəyişmək qabiliyyəti.

L.P. hətta ekstremal şəraitlərdə (quraqlıq, izafi rütubətlilik və s.) də onun bütöv qalmasını təmin edir.

Coğrafiya terminləri lüğəti

landşaftın rejimi

alm. landschaft – ölkə, mahal + lat. regimen – idarə

Müəyyən zaman kəsiyində (gün, mövsüm, il, bir neçə il) landşaftda gedən və təkrarlanan təbii proseslər, hadisələr.

L.R. – energetik rejim, su rejimi, bioloji (biotik) rejim və s. komponentlərdən ibarətdir. L.R.-nin müəyyənləşdirilməsinə, ona riayət edilməsinə, landşaftın düzgün istifadəsinə (məsələn, təbii sərvətlərdən) nəzarət təbiəti mühafizə sisteminin aparıcı elementlərindəndir.

Coğrafiya terminləri lüğəti

landşaftın rekultivasiyası

alm. landschaft – ölkə, mahal + lat. recultivo – bərpa etmək

Çirklənmiş landşaftların funksional, tibbi-bioloji və estetik baxımdan bərpasına yönəldilən kompleks tədbirlər.

L.R. iki mərhələyə ayrılır: texniki (texniki rekultivasiya) – landşaftın sonrakı istifadə üçün hazırlanması və bioloji (bioloji rekultivasiya) – kompleks tədbirlərlə landşaftda biotanın yenidən inkişafına nail olunması.

Coğrafiya terminləri lüğəti

landşaftların inversiyası

alm. landschaft – ölkə, mahal + lat. inversio – əks paylanma, çevirmə

Landşaftların şaquli zonallıq qanununa zidd olaraq yüksəklik üzrə əks paylanması.

L.İ. səthi kəskin parçalanmış alçaq və orta dağlıq ərazilər üçün xarakterikdir və əsasən, temperatur inversiyası nəticəsində formalaşır. Atmosfer yağıntılarının yamacboyu əks paylanması (inversiyası) da L.İ.-na səbəb ola bilər. Azərbaycanda Talış dağlarında müşahidə edilən L.İ. məhz bununla əlaqədardır.

Coğrafiya terminləri lüğəti

landşaftların tipoloji təsnifatı

alm. landschaft – ölkə, mahal + yun. typos – forma, nümunə + logos – elm, təlim

Landşaftların mühüm keyfiyyət göstəricilərinə və oxşar xüsusiyyətlərə görə qruplarda birləşdirilməsi.

Landşaf tipləri başlıca olaraq iki göstərici əsasında formalaşır: istilik və rütubət (arktik landşaft, subarktik landşaft, boreal landşaft, subtropik landşaft və s.). Landşaftlar struktur xüsusiyyətlərinə, relyef formalarına, bir sıra digər elementlərinə görə də təsnifatlaşdırılır, qruplara, altqruplara ayrılır; məsələn, formalaşma prosesində insanın iştirakından asılı olaraq təbii, təbii-antropogen, antropogen landşaftlar olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

landşaftşünaslıq

Fiziki coğrafiyanın təbii-ərazi komplekslərini öyrənən sahəsi.

Geniş mənada: L. – landşaftın yaranması və inkişafını, dinamikasını, insan fəaliyyətinin təsiri altında dəyişməsini, ondan təsərrüfatda istifadə imkanlarını öyrənən elmdir. L.-ın başlıca vəzifəsi məhz təbii və antropogen (mədəni) landşaftlardan səmərəli istifadə üsullarını, bu landşaftların dəyişdirilməsinin və mühafizəsinin nəzəri əsaslarını işləyib hazırlamaqdan ibarətdir. L.-ın əsas tədqiqat metodu çöl tədqiqatlarıdır.

Coğrafiya terminləri lüğəti

landşaftyaradan amillər

Landşaft kompleksinin formalaşmasında iştirak edən amillər: geoloji quruluş, relyef, torpaq tipi, iqlim, bitki örtüyü, heyvanlar aləmi və s.

Coğrafiya terminləri lüğəti

lapilla

ital. lapillas – kiçik daşlar

Vulkan püskürməsi zamanı yüksək təzyiq altında kraterdən havaya atılan kiçik lava parçaları.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

laterit torpaqlar

Ekvatorial, tropik qurşaqlarda qırmızı rəngli torpaqlar.

Onlara “qırmızı torpaqlar” da deyilir. L.T.-ın tərkibində alüminium, dəmir və az miqdarda silisium-oksid olur. Bu torpaqlar platolarda və alçaq təpəliklərdə (Amazon ovalığında, Konqo çayı sahilində, Zond arxipelaqında və s.) daha çox yayılıb, az məhsuldardır və tez gücdən düşür.

Coğrafiya terminləri lüğəti

lava

ital. lava < lat. lavare – ilkin mənasında: yumaq, yuyunmaq

1. Vulkanın püskürdüyü qaynar mineral kütlə.

Yer səthinə çıxan maqma tərkibində olan yüngül fraksiyaları – qazları itirdikdən sonra L. adlanır. L. maye halında və ya elastik formada olur, tərkibinə görə çoxlu növlərə bölünür. Soyuyanda effuziv dağ süxurları (bazalt, andezit, liparit), platolar yaradır.

2. Yerin altında kömür çıxardılan uzun dəhliz formasında sahə.

Coğrafiya terminləri lüğəti

Lavrasiya

Paleozoy erasında mövcud olduğu fərz edilən Laurensiya (Şimali Amerika) qitəsinin adının baş hərfi ilə Avrasiya qitəsinin adının birləşməsindən

Geoloji keçmişdə Yerin Şimal yarımkürəsində böyük quru sahəsi.

L.-nın planetin qədim supermateriki Pangeyanın Mezozoy erasında (təxminən 200-180 mln. il əvvəl) iki hissəyə parçalanması nəticəsində əmələ gəldiyi güman olunur. Sonrakı tarixi mərhələdə o, Avrasiya və Şimali Amerika materiklərinə bölünüb, arada Atlantik okeanı yaranıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

lay

Yer qabığının paralel müstəvilərə bölünmüş sahələri.

L. çökmə süxurlarının yatım formasıdır, bununla da onlar vulkanik mənşəli süxurlardan fərqlənirlər.

Coğrafiya terminləri lüğəti