Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

marş

alm. marsch – xəndək

Okean, dəniz sahillərində ən yüksək qabarma vaxtı su basan ovalıq zona.

M.-lar, adətən, vattalardan yüksəklikdə yerləşir, eni 30 km-ə qədər çatan geniş əraziləri tutur, çəmənlik, yaxud bataqlıq bitkiləri ilə örtülü olur. Bəzən M.-lar dəniz səviyyəsindən aşağıda da yerləşir, su hövzəsindən nisbətən hündür zolaqla ayrılır.

Coğrafiya terminləri lüğəti

massiv

lat. massa – parça

1. Uzun müddət tektonik qalxmaya məruz qalmış, qədim, sabitləşmiş, bərk ərazi; məs.: dağ massivi.

2. Müəyyən sərhədlərə (göllər, əkin sahələri, fərqli relyef formaları və s.) malik böyük meşə sahələri; məs.: meşə massivi.

3. Ümumi relyefə, arxitektur quruluşa malik, ətraf sahələrdən seçilən yaşayış sahəsi; məs.: yaşayış massivi.

Coğrafiya terminləri lüğəti

materik adası

Materikdən ayrılmış ada.

M.A.-nın geoloji quruluşu və relyefi, adətən, ayrılmış olduğu materiklə eynilik təşkil edir, yaxud ona oxşayır. Yer kürəsinin ən böyük adaları olan Qrenlandiya, Madaqaskar, Yeni Qvineya, Böyük Britaniya, İrlandiya, Baffin Torpağı, Şri-Lanka, Yeni Zelandiya, Novaya Zemlya və. s. M.A.-larıdır. Vulkanik və mərcan mənşəli adalardan fərqli olaraq materik mənşəli adalar qranit qatına malik olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

materik dayazlığı

Dəniz və okeanların sahillərini haşiyələmiş sualtı düzənlik.

M.D.-nın dərinliyi, adətən, 200 m-ə qədər olur. Dünya okeanının əsas neft-qaz yataqları M.D.-da yerləşir. Ən geniş şelf düzənlikləri Şimal Buzlu okeanı dənizlərində yayılıb. Bu sahələr materikin sualtı davamı olduğu üçün qranit qata malik olan sahələrdir.

Coğrafiya terminləri lüğəti

materik yamacı

Materiklərin şelflərlə okean yatağı arasında qalan sualtı hissəsi.

M.Y., adətən, okeanların 200 m-dən 2000-3000 m-dək (bəzən daha artıq) dərinliklərini əhatə edir. Dərinlik artdıqca və meyillilik azaldıqca qranit təbəqəsi tədricən nazikləşərək yoxa çıxır, çökmə süxurların qalınlığı çoxalır. M.Y., əsasən, batial zonaya uyğun gəlir.

Coğrafiya terminləri lüğəti

materik Yer qabığı

Materiklərin bərk, xarici qatı, mantiya üzərində yerləşən hissəsi.

M.Y.Q. okean Yer qabığı tipindən fərqli olaraq üç təbəqədən – çökmə, qranitbazalt təbəqəsindən ibarətdir. M.Y.Q.-nın orta qalınlığı 40-45 km, düzənliklər altında 30-40 km, yüksək dağlıq sahələrdə 50-80 km-dir. M.Y.Q. Yerin mantiyasından Moxo sərhədi ilə ayrılır. Onun çökmə süxurlar təbəqəsi heç də tam örtük əmələ gətirməyərək qədim platformaların qalxanları sahəsində, demək olar ki, tam yoxa çıxır.

Coğrafiya terminləri lüğəti

materikdaxili dəniz

Materikin içərilərinə doğru irəliləmiş, okeanla bir və ya bir neçə boğaz vasitəsilə birləşən dəniz.

M.D. şelfdə yerləşdiyi üçün çox dərin olmur. Ağ dəniz, Baltik dənizi, Azov dənizi və s. M.D.-lərə misal ola bilər.

Coğrafiya terminləri lüğəti

materiklərarası dəniz

Materiklərin arasında yerləşən dəniz.

Mənşəyinə görə irimiqyaslı tektonik hərəkətlərlə əlaqədar olduqları üçün M.D.-lər dərindir (2000-5000 m və daha çox). Aralıq, Qırmızı, Karib, Sulavesi dənizləri M.D.-lərə misal ola bilər.

Coğrafiya terminləri lüğəti