Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

pelogen qat

yun. pelos – lil, çirk + yun. genos – mənşə

Su hövzələrində lilin səthində yerləşən ölü orqanizmlərdən və üzvi hissəciklərdən ibarət nazik təbəqə.

Coğrafiya terminləri lüğəti

pemza

lat. pumex – köpük

Ağ və ya boz rəngli, yüksək məsaməli, yüngül vulkan şüşəsi.

Vulkan püskürmələri zamanı buxar və qazlarla zəngin lavanın şişməsi və tez soyuması nəticəsində əmələ gəlir. İslanmayınca suda batmır, yaxşı istilik izolyatoru, soyuğa qarşı davamlıdır. Kimya sənayesində, sement və beton istehsalında P.-dan istifadə edilir.

Coğrafiya terminləri lüğəti

peneplen

lat. paene – təxminən + ing. plain – düzənlik

Uzun geoloji dövr ərzində süxurların aşınması və denudasiyası nəticəsində qədim dağların yerində əmələ gələn düzənlik sahə.

P.-in digər düzənliklərdən fərqi məhz onun ilkin relyef formasını itirdikdən sonra düzənliyə çevrilməsidir. Belə sahələrdə üzəri qalın aşınma qabığı ilə örtülmüş müxtəlif faydalı qazıntı yataqlarına tez-tez rast gəlinir P. terminini elmə XIX əsrin sonunda Amerika alimi Uilyam Deyvis daxil edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

periheli

yun. peri – yaxın + yun. helios – Günəş

Günəşin ətrafında dövr edən göy cisimlərinin orbitlərinin Günəşə ən yaxın nöqtəsi.

Yer öz orbiti üzrə hərəkətində yanvarın 3-də Günəşə ən yaxın – 147 mln. km məsafədə olur. Buna Yerin P. məsafəsi deyilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

perlit

fr. perle – mirvari

1. Vulkan mənşəli dağ süxuru.

P. – tərkibində suyun həcmi 1%-dən çox olan vulkanik şüşədir. Onu parçalayanda mirvari kimi parıldayan kiçik kürəciklərə bölünür. Parçalanmış P.-i 900-1000°C-yə qədər qızdırdıqda isə o şişir, 10-20 dəfə genişlənir. P.-dən beton istehsalında, həmçinin izolyasiya materialı qismində istifadə olunur.

2. Dəmir-karbon ərintilərinin (polad, çuqun) tərkibinə daxil olan, xırda ferrit və sementid hissəciklərindən ibarət qatışıq.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Perm dövrü

Perm – Rusiyanın Avropa hissəsinin şərqində şəhərin adından

Paleozoy erasının axırıncı dövrü.

Müxtəlif elmi mülahizələrə görə, təxminən 300-290 mln. il əvvəl başlanıb, 38-50 mln. il davam edib. Hertsin qırışıqlığı (Uralda, Tyan-Şanda, Qərbi Avropanın bəzi rayonlarında dağəmələgəlmə prosesinin yekunlaşması) bu dövrdə baş verib. P.D. termini elmə 1841-ci ildə britaniyalı geoloq Roderik Murçison tərəfindən Perm yaxınlığında aparılmış geoloji tədqiqatlar nəticəsində daxil edilib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

permafrost

ing. permafrost – daimi donuşluq

Daimi donuşluq zonalarının torpaq təbəqəsi.

Bəzi şimal rayonlarda, məsələn, Sibirdə donmuş torpaq qatı bir neçə yüz metrə çatır. P.-da çox qısa qütb yay dövründə mamır, şibyə və seyrək otlar bitir.

Coğrafiya terminləri lüğəti

petroqrafiya

yun. petros – daş + yun. grapho – yazıram

Süxurlar haqqında elm.

P. süxurların mineraloji və kimyəvi tərkibini, quruluşunu, yatım şəraitini, əmələgəlmə və yayılma qanunauyğunluqlarını öyrənir. Bu elmdə, əsasən, mikroskopik tədqiqat üsulundan istifadə olunur. P.-nın XIX əsrin ortalarında bir elm sahəsi kimi formalaşmasında britaniyalı geoloq Henri Sorbinin tədqiqatlarının böyük rolu olub.

Coğrafiya terminləri lüğəti

peyk

Qravitasiya qüvvəsinin təsiri altında kosmik fəzada müəyyən trayektoriya (orbit) üzrə digər obyektin (planetin) ətrafında fırlanan səma cismi.

Səma cismi hansı obyektin ətrafında dövrə vurursa, onun P.-i hesab olunur. Böyük və kiçik (cırtdan) planetlərin onlarca P.-i var. Yer planetinin yeganə P.-i Aydır.

Coğrafiya terminləri lüğəti

pirgeometr

yun. pyr – od + yun. geo – Yer + yun. metron – ölçü

Effektiv şüalanmanı ölçmək üçün cihaz.

P.-in qəbuledici tərəfini növbə ilə Yerə və atmosferə tuşlayır, göstəricilər arasındakı fərqi hesablayır, beləliklə, effektiv şüalanma dərəcəsini müəyyənləşdirirlər.

Coğrafiya terminləri lüğəti