Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dağlıq ölkə

1. Dəniz səviyyəsinə və ətraf ərazilərə nisbətən xeyli hündürdə yerləşən, dağ silsilələri, massivlər və yaylalardan ibarət geniş ərazi.

D.Ö.-də müsbətmənfi relyef formaları kəskin şəkil alır. Belə ölkələrin mürəkkəb konfiqurasiyası, təbii sərhədləri və adı olur: Alp, Qafqaz, Pamir, Sayan və s. D.Ö. dağ sistemi ilə üst-üstə düşə və ya bir neçə dağlıq ölkə bir dağ sistemi yarada bilər.

2. Ərazisinin böyük hissəsi dağlardan ibarət olan ölkə, digər böyük inzibati ərazi vahidi.

İsveçrə, Çili, Qırğızıstan, Nepal və s. D.Ö.-lərə misal ola bilər.

Coğrafiya terminləri lüğəti

dağ-tundra

Dağlıq zonalarda meşə landşaftından yuxarıda yerləşən, şibyə, mamır, soyuğadavamlı digər ot və kol bitkilərinin üstünlüyü ilə səciyyələnən landşaft tipi.

Mülayim enlikdə belə landşaft tipi, əsasən, 2000 metrdən yüksək sahələrdə yayılıb.

Coğrafiya terminləri lüğəti

daxili axım

Quru səthində yerüstü suların Dünya okeanına deyil, daxili qapalı su hövzələrinə axması.

Planetin ən böyük D.A. hövzələrinə Xəzər, Aral, Ölü dənizlər; Eyr və Çad gölləri misal ola bilər.

Coğrafiya terminləri lüğəti

daxili dalğa

Okean, dəniz və göllərin su qatlarında təzyiq fərqi nəticəsində yaranan dalğalar.

Belə təzyiq fərqinə dərinlik artdıqca suyun temperatur və duzluluğunun dəyişməsi səbəb ola bilər. D.D.-ların əmələ gəlməsi üçün böyük enerji lazım deyil, buna görə, adətən, onlar zəif olur. Bəzən D.D. xarici təsirdən (tektonik proseslər, qabarma və çəkilmə hadisələri, davamlı güclü külək) də törəyir. O, müvəqqəti axınlar yaradır və səth dalğalarına təsir göstərir. D.D. səth dalğasının əksinə hərəkət etdikdə onu qısaldır və dəniz həmin yerdə nahamar, tünd görünür, bu dalğalar eyni istiqamətdə hərəkət etdikdə isə səth dalğaları uzanır və dəniz hamar, şəffaf görünüş alır.

Coğrafiya terminləri lüğəti

daxili dəniz

Quruya doğru xeyli irəliləmiş və okeanla boğazlar vasitəsilə əlaqəsi olan dəniz.

D.D.-lər materikdaxili (Qara, Ağ, Baltik və s.) və materiklərarası (Aralıq, Qırmızı və s.) dəniz tipinə ayrılır.

Coğrafiya terminləri lüğəti

daxili sular

Ərazi suları istisna olmaqla bir dövlətin hüdudları daxilində yerləşən bütün sular: çaylar, göllər, kanallar, su anbarları, digər hövzələr.

Bir dövlətin torpaqları ilə əhatə olunmuş daxili dənizlər də D.S.-a aid edilir.

Coğrafiya terminləri lüğəti

daimi donuşluq

Yer qabığının mənfi temperatura malik, əsrlər, minilliklər boyu donu açılmayan səthə yaxın hissəsi.

D.D. üçün temperaturun həmişə 0°C-dən aşağı, süxurlardakı suyun isə buz halında olması səciyyəvidir. Hər hansı ərazidəki D.D.-un çox uzun tarixi dövrü əhatə etməsi süxurlarda yaxşı vəziyyətdə saxlanılmış qədim heyvan cəsədləri ilə təsdiqlənir. D.D. qlobal hadisədir, o, Yerin quru səthinin təxminən 14%-ni əhatə edir, Amerika, Avropa, Asiyanın şimalında, Şimal Buzlu okeanı adalarında və Antarktidada geniş yayılıb. D.D.-un maksimum qalınlığı Şərqi Sibirdə Marxi çayının yuxarı axınında müşahidə olunur (1,5 km).

Coğrafiya terminləri lüğəti

dalğa

1. Okeanda, dənizdə, göldə və s.-də su hissəciklərinin tarazlıq səviyyəsi ətrafında dövri tərəddüdü, su səthinin rəqsi hərəkəti.

D. küləyin, atmosfer təzyiqinin, qabarmanın, sualtı zəlzələ və vulkan püskürmələrinin, su nəqliyyatının hərəkətinin təsiri ilə, bir sıra digər səbəblərdən yarana bilər. D.-nı yaradan amillərə görə qabarma, külək və sunami D.-ları; D.-nın mövqeyinə görə səth və daxili D.-lar; uzunluğunun dənizin dərinliyinə olan nisbətinə görə qısa və uzun D.-lar fərqləndirilir. D. hündürlüyü, zirvəsi, uzunluğu, ətəyi, periodu və sürəti ilə səciyyələndirilir.

2. Bax: seysmik dalğalar.

Coğrafiya terminləri lüğəti