Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

geotermal sular

yun. geo – Yer + yun. thermos – istilik

Yerin dərinliklərindən səthə çıxan isti sular.

G.S. nisbətən yüksək temperaturu və özünəməxsus kimyəvi tərkibi ilə digər yeraltı sulardan fərqlənir. Vulkanizm zonalarında G.S.-ın səthə qaynar (bəzən 90-100°C) qeyzerlər və buxar şırnaqları şəklində çıxması hallarına çox rast gəlinir. G.S.-dan bitkiçilikdə, binaların qızdırılmasında, həmçinin müalicə məqsədilə istifadə olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

geotermik qradiyent

yun. geo – Yer + yun. thermos – isti + lat. gradientis – addımlayan

Yer qabığının dərinliyinə doğru şaquli istiqamətdə vahid məsafədə temperaturun dərəcələrlə dəyişməsi.

G.Q. orta hesabla hər 100 m-də təqribən +3°C-yə bərabərdir. Lakin Yerin geoloji quruluşundan, dağ süxurlarının tərkibi və fiziki vəziyyətindən, istilik mənbəyinə yaxınlığından və s.-dən asılı olaraq bu göstərici 1°C-dən 20°C-dək dəyişə bilər. Eyni zamanda müxtəlif dərinliklərdə də G.Q. eyni olmur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

geotermik pillə

yun. geo – Yer + yun. thermos – isti

Yer qabığı dərinliyində temperaturun 1˚C dəyişməsi üçün yuxarı qalxmaq, yaxud aşağı enmək lazım gələn məsafə.

G.P.-nin Yer qabığı üzrə orta göstəricisi 30-40 metr təşkil edir. Lakin o, bütün ərazilərdə eyni ölçüyə malik deyil. Avropada G.P. 27-38 m, Şimali Amerikada 36-54 m, Avstraliyada 19-29 m, Asiyada 20-26 m, Afrikanın cənubunda – Yohannesburq şəhəri ətrafında isə 111 m-dir. G.P.-nin böyüklüyü, yaxud kiçikliyi konkret ərazidə Yerin geoloji quruluşundan, dağ süxurlarının tərkibi və fiziki vəziyyətindən, dərinlikdən və s.-dən asılıdır. Bir qayda olaraq, Yerin mərkəzinə doğru getdikcə G.P. artır və temperaturun yüksəlməsi zəifləyir. Azərbaycanın Abşeron yarımadasında G.P. 23-35 m, Saatlı rayonunda isə 20 m-dən azdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

gətirmə konusu

yun. konos – küknar qozası

Dağ çaylarının düzənlik sahəyə çıxdığı hissədə çayın gətirdiyi qırıntılardan əmələ gələn qabarıq relyef forması.

G.K. çayın axın sürətinin azaldığı və qırıntı materiallarını daha apara bilmədiyi yerdə əmələ gəlir. Azərbaycanda Şirvan, Gəncə-Qazax və Qarabağ düzlərində çayların G.K. relyef formalarına rast gəlmək olar.

Coğrafiya terminləri lüğəti

gilavar

Azərbaycanda daha çox Abşeron yarımadası üçün səciyyəvi olan cənub küləyi.

İsti və quru külək olan G. cənub, cənub-şərq, cənub-qərb istiqamətlərindən əsir, temperaturun artmasına səbəb olur. G., əsasən, ilin isti dövründə müşahidə edilir.

Coğrafiya terminləri lüğəti

göl

Qurunun təbii çökəkliyində yerləşən, dəniz və okeanla birbaşa əlaqəsi olmayan su hövzəsi.

G. çökəklikləri tektonik, buzlaq, eol, vulkanik, karst və s. mənşəli olur. Yer kürəsində bütün G.-lərin sahəsi 2,7 mln. km2-ə bərabərdir: bu, qurunun ümumi sahəsinin 1,8%-ni təşkil edir. G.-lər Dünya okeanının tərkibinə daxil deyil. Lakin bəzi G.-lər qədim dövrdə dəniz və okeanların tərkibində olub və buna görə şorsuludur; məsələn, Xəzər, Böyük duzlu göl (ABŞ) və s. Su mübadiləsinə görə G.-lər iki qrupa bölünür: axarlı və axarsız. Planetin ən dərin G.-ü Baykal, sahəsinə görə ən böyük şirinsulu G.-ü Yuxarı göl (ABŞ və Kanada sərhədində), ən böyük şorsulu G.-ü isə Xəzər dənizidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

göllərin tipoloji təsnifatı

yun. typos – forma, nümunə + yun. logos – elm, təlim

Göllərin eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.

G.T.T. bir sıra əlamətlər və xüsusiyyətlər əsasında (mənşəyinə, yerinə, minerallığına, su mübadiləsinə və s.) aparılır. Mənşəyinə görə buzlaq gölləri, subasar mənşəli göllər (çayların subasar hissəsində əmələ gələn), antropogen göllər, laqun göllər (sahilboyu dənizlə əlaqəsi kəsilmiş laqunlarda yaranan), karst mənşəli göllər, tektonik göllər, krater gölləri, relikt göllər və s. mövcuddur. Yerinə görə yeraltı və yerüstü göllər fərqləndirilir. Minerallığına görə şirinsulu və duzlu göllər olur. Su mübadiləsinə görə isə axarlı və axarsız göllər var. Axarlı göl, əsasən, şirinsulu olur və çayın mənbəyini təşkil edir. Axarsız göl isə, adətən, şorsuludur və onun çayla əlaqəsi olmur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

göy gurultusu

Atmosferdə elektrik boşalması hadisəsini (ildırım) müşayiət edən səs.

İldırımın yolunda on minlərlə dərəcəyədək qızan havanın təzyiqi ani olaraq kəskin artır, o, dalğavarı hərəkətə gəlir (rəqs edir) və nəticədə gurultu yaranır. G.G.-nun səsi 120 desibelədək yüksələ bilər, bəzən ildırımın özü gözlə görünmədiyi halda, səsi uzaqdan eşidilir.

Coğrafiya terminləri lüğəti

göyqurşağı

İşığın atmosferdəki su damlacıqlarından sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə.

G. spektrin rənglərindən ibarət qövs, yarımdairə formasında gözə görünür. Bəzən G. iki, üç qövsdən də ibarət olur.

Coğrafiya terminləri lüğəti

gümüşü buludlar

Mezosferdə, əsasən, yayda müşahidə edilən nazik, parlaq, gümüşü rəngli buludlar.

G.B. çox böyük hündürlükdə, adətən, yüksək sürətlə hərəkət edir. Onlar seyrək buz kristallarından ibarətdir, eyni zamanda G.B.-da vulkanik tozların və kosmik tozcuqların olduğu da fərz edilir.

Coğrafiya terminləri lüğəti