Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİ ərəb.

ali sözündəndir. Ali/Əli kişi adı uca, ali, ulu, yüksək mənasındadır. Əli antroponimi Həzrət Əli əleyhissəlamın adındandır.

İslamda xilafətin dördüncü xəlifəsi Əli ibn-Əbu Talib Rasiqi xəlifələrin dördüncü və axrıncısı, şiələrin isə birinci imamı olmuşdur. 651-ci ildə Xilafətə çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. İlk dəfə “Quran” ayələrində yazılan “Möminlərin başçısı” anlamını ifadə edən əmirələl-mömin fəxri adı şiələrin birinci imamı Əli ibn-Əbu Talibə məxsusdur. Künyələri Əbül-Həsən və Əbu Talibdir. Ləqəbi Əmirəlmöminin Əbu Turab, Heydər, Əsədullahdır. Kəbədə dünyaya gələn, birinci imam kimi qəbul edilən Əli Bədrdə Allahın Aslanı ləqəbini qazanmışdır. Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni, qızı Fatimənin əridir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, peyğəmbərin qızı və şərafətli ailədən olması səbəbiylə adlı-sanlı şəxslər Fatiməyə elçiliyə gəlir, lakin mənfi cavab alırdılar. Peyğəmbər onların cavabında belə buyurarmış: “Fatimənin işi Allahın əlindədir”. Peyğəmbər yalnız Fatimənin Əli ilə ailə qurmağa şəxsən razılıq verməsindən sonra bu nikaha xeir-duasını vermişdi. Bu gün də Əli kişi adı bir sıra türk xalqlarının dilində Ali formasındadır. Dilimizdə ali sözü mövcud olsa da, şəxs adı olaraq həmişə Əli şəklində olmuşdur. Əminliklə demək olar ki, VII əsrdən bəri Əli kişi adı dəbdən düşməmiş şəxs adlarındandır. Azərbaycan antroponimikasında həm də tərkibində Əli adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Qeyd etmək lazımdır ki, addan formalaşmış Əliyev, Əlizadə, Əlili soyadları da bu gün Azərbaycanda kəmiyyət etibarilə ən öndəgedən soyadlar arasındadır. Əli şəxs adı ilə əlaqədar Azərbaycanda kifayət qədər toponim də mövcuddur. Əlikənd, Əlimədədli, Əliyanlı, Əliuşağı, Əliyoxuşu və s. Slavyanlarda Əli adı Alik formasındadır. Bu gün də Türk antroponimik vahidlər sistemində mövcud, İslam dini ilə əlaqədar kişi adlarından olan, daha dəqiq, Həzrət Əlinin adı bütün Şərqdə, müsəlman dünyasında olduğu kimi, məişətimizdə də çox geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti