alıçan sözü alışmaq feilindəndir, yəni od tutan, alışıb yanan mənasındadır.
Lakin bəzi mənbələrdə Alışan adının “ali” və “nişan” sözlərinin birləşməsindən yaranmış bir tituldan formalaşması kimi məlumatlara da rast gəlinir. Sonradan Alinişan adındakı -ni şəkilçisinin düşməsi səbəbindən adın Alış kimi formalaşdığı göstərilir. Ehtimal ki, bu fikirləri də tam kənar etmək olmaz. Bir məsələni də qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində parça adlarından formalaşmış antroponimlərə də rast gəlinir. Azərbaycanda VI-IX əsrlərdən başlayaraq XX əsrə qədər istehsal olunan məşhur parçalardan olan alaca parça növü xalq arasında həm də “al”, “ala”, “alışan” adı ilə tanınırdı. Əsasən yundan, ipəkdən toxunmuş bu parça növü kətan hörüklü, sıx toxunuşlu, möhkəm və davamlı qədim toxumalardandır. Adın parça adından olması ehtimalı da var. Çünki Alışan məişətimizdə qədim şəxs adları sırasındadır. Fikrimizcə, Alışan adının alışmaq feili ilə əlaqəsi daha inandırıcı görünür. Lakin adın parça adı ilə əlaqədar olması ehtimalını da tam inkar etmək olmaz. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alışan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti