adamas sözündəndir. Fars dilindən Azərbaycan dilinə almas şəklində keçmişdir. Almaz(s) şəxs adı ən sərt kristal, şəffaf, bərk, parlayan, çox qiymətli, ən bahalı daşın adıdır.
Bəzən ona cilalanmamış brilyant da deyirlər. Bu gün türk dünyasında istər Almaz, istərsə də Almas adı geniş yayılmış adlardandır. Məlumdur ki, dünya dillərinin əksəriyyətində olduğu kimi, dilimizdə də qiymətli daş-qaş adları ilə əlaqədar kifayət qədər şəxs adı mövcuddur. Almaz da bu sıradan olan şəxs adlarındandır. Qonşu xalqlarda –acarlarda, gürcülərdə də mövcud şəxs adlarındandır. Qafqazda, Orta Asiya türklərində və Türkiyə türklərində Almaz(s) kişi adıdır. Yəqin ki, almasa məxsus sərtlik, hər şeyi doğraya bilmək kimi xüsusiyyətləri onun kişi adı kimi formalaşmasının əsas səbəblərindəndir. Çox vaxt bu cəhətləri nəzərə alaraq cəngavər, döyüşçü kimi izah edilir. Almas sözünə Şərq poeziyasında da bənzətmə, təşbeh kimi tez-tez təsadüf edilir. Bu ad Azərbaycanda da XX əsrin ortalarına kimi kişi adı olmuşdur. XX əsrin əvvəllərində tanınmış şair Almas İldırımı xatırlamaq kifayətdir. Bu gün dilimizdə Almazov, Almaszadə, Almazzadə, Almazlı soyadlarının kifayət qədər olması da bunu bir daha sübut edir. Adın XX əsrdə məişətimizdə qadın adı kimi yayılmasında C.Cabbarlının “Almas” əsərindəki əsas surətin adının təsiri olmuşdur. Doğrudur, H.Cavidin “Topal Teymur” əsərində də Almaz qadın surətinin adıdır. Lakin əsərin fəal obrazları ilə bir cərgədə dayanmadığından o qədər də yadda qalmayan surətlərdəndir. Məhz C.Cabbarlının məşhur “Almas” əsərinin səhnə həyatından sonra, daha dəqiq, 1931-ci ildə pyesin ilk tamaşasından sonra Almaz adı yalnız qadınlara verilməyə başladı, həm də çox geniş yayılmış adlardan oldu. Bu gün Almaz(s) kişi adı yalnız soyadlarda yaşayır desək, fikrimizcə, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğəti