yun. amphibolia – ikimənalılıq
Üslubi fiqur: nitqdə bilərəkdən və ya qeyri-ixtiyari yol verilmiş ikimənalılıq, ifadənin aydın olmaması.
A. bir neçə yolla yaranır:
1) Kalambur – söz oyunu. Məşhur lətifədə Molla Nəsrəddinin tütək almaq üçün ona pul verən uşağa “Sən çaldın” deməsi A. yaradır. Bu ifadəni iki mənada başa düşmək olar: “sən tütəkdə çalacaqsan” və “sən qazandın”.
2) Cümlədəki fikrin intonasiyadan asılı olaraq dəyişməsi. Bir sıra hallarda bu, sifətin substantivləşməsi ilə bağlı olur: “Qoca ovçu paltarını geyindi” cümləsində müəllif vergülündən istifadə olunmasa, qocanın ovçu paltarını geyməsi, yoxsa qoca ovçunun öz paltarını geyməsi məlum olmur.
3) Mübtədanın qeyri-müəyyən təsirlik halda olan tamamlıqla qarışdırılması. “Eşq verər həyat” cümləsi “Eşq insana həyat verər” və “Eşqi insana həyat verər” mənalarında başa düşülə bilər.
4) O, bu əvəzliyinin özündən əvvəlki cümlədə hansı obyektə aid olması qeyri-müəyyən qalır; məsələn:
“Kənd dəmirçisi özünə bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:
– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.
Şagird başa düşdüyü kimi etdi.
Növbəti gün o, kənd dəmirçisi oldu”. (Entoni de Mello)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti