►Hər hansı sahədə inkişaf, yüksəliş, çiçəklənmə və ya şöhrətin ən yüksək həddinə, zirvəsinə çatmaq.
İfadə insanların fəza quruluşu və astronomiya ilə bağlı təsəvvürlərinin nəticəsində meydana çıxmışdır.
Burada işlənən «apogey» termini astronomiya ilə bağlıdır və bütövlükdə ifadə Ay və Yerin digər süni peyklərinin ellipsşəkilli orbitdə planetimizin ətrafında fırlanmasının elmi izahından qaynaqlanır.
Orbitin Yer üstünə ən yaxın yerləşən nöqtəsi elmi dildə «perigey» adlanır; bu söz yunan dilindən tərcümədə «Yerin yaxınlığında» deməkdir. Orbitin Yerdən ən uzaq keçdiyi sahə isə «apogey» – «Yerdən uzaq» adlanır. Burada «apo» və «peri» «uzaq» və «yaxın» kimi tərcümə olunur, «gey» sözü isə «yer» deməkdir.
Beləliklə, bu astronomiya terminlərindən də «apogeyə çatmaq», «şöhrətin apogeyi» kimi frazeoloji ifadələr yaranmışdır. Ümumi mənada bu frazeoloji birləşmə qüdrətli olmağı, tərəqqi etməyin ən yüksək həddinə çatmağı bildirir.
Məsəllər, deyimlər