►Ömür-gün yoldaşının və ümumiyyətlə, ailə nikahının uğurlu olduğunu bildirmək üçün işlədilən ifadə.
İfadə xalq arasında yayılmış rəvayətdən qaynaqlanmışdır.
Rəvayətə görə, bir cavan alim uzunömürlülüyün sirlərini öyrənmək üçün kənd qocalarından birinin evinə gedir. Qapını bir qadın açıb onun nə istədiyini kobudcasına soruşur, sonra evdə heç kimin olmadığını deyib qapını alimin üzünə çırpır. Bir neçə gündən sonra alim qocanı görüb onu maraqlandıran məsələ haqqında bildiyini söyləməyi xahiş edir. Kişi gənci böyük qardaşının yanına göndərir. Böyük qardaşın evində qapını bir gülərüz qadın açır, ərinin evdə olmadığını söyləyir, amma alimi evə dəvət edir və çörək yeyib dincəlməsini xahiş edir. Alim təşəkkür edir və başqa vaxt gələcəyini söyləyib gedir. Ertəsi gün ev yiyəsi olan ağsaqqalla görüşüb suallarını verir, məlum olur ki, onun da bu məsələdən xəbəri yoxdur, ümid lap böyük qardaşa qalır.
Gənc alim gəlib ən böyük qardaşın qapısını döyür. Qapını gülərüz, xoşxasiyyət qadın açır, onu evə aparır, çay-çörək hazırlayır. Bir azdan ev yiyəsi gəlir, arvad ərini də mehribanlıqla qarşılayır, ayaqlarını yuyur, altına döşək salır, süfrə açıb xörək gətirir. Kişilər tanış olub söhbətə başlayırlar. Alim ən yaşlı qardaşın o birilərinə nisbətən çox cavan görünməyinin səbəbi ilə maraqlanır. Kişi gülümsəyərək öz növbəsində ondan sual edir:
− De görüm, kiçik qardaşımın evində nə gördün?
Alim onu hörmətsizliklə qarşıladıqlarını, acılayıb təhqir etdiklərini, qapını üzünə çırpdıqlarını söyləyir. Ortancıl qardaşın evində isə nisbətən hörmət və mehribanlıqla qarşılandığını söyləyir. O, sonra qocanın evində həqiqi mehribanlıq və hörmət gördüyünü və çox razı qaldığını bildirir. Qoca deyir:
− Elə mənim cavan qalmağımın, ən kiçik qardaşımızın isə tez qocalmasının əsl səbəbi məhz budur. Pis arvad kişini tez qocaldar, yaxşı arvad onu cavan saxlar.
Məsəllər, deyimlər