Reklam
Reklam

Məsəllər, deyimlər

ATASININ GÖZÜNÜ ÇIXARAN HƏR ADAMA KOROĞLU DEMƏZLƏR

►Başqasını təqlid etməyə çalışan, özünün məşhur adamlarla qohumluğu və yaxınlığı ilə fəxr edən adamlar haqqında işlədilən ifadə.

Məsəl Azərbaycan folklorunun parlaq nümunələrindən olan məşhur «Koroğlu» dastanından qaynaqlanmışdır.

Qoca mehtər Alı kişiyə acığı tutan zalım xan onun gözlərini çıxartdırır. Xalq həmin gündən Alı kişinin oğlu Rövşəni Koroğlu – kor kişinin oğlu kimi çağırmağa başlayır. Sonralar Koroğlu böyük qəhrəmana çevrilir, xan-bəy və mülkədarlara qarşı xalqın mübarizəsinə başçılıq edir, onun şöhrəti hər yerə yayılır.

Rəvayətə görə, çoxları özünü Koroğluya bənzətmək və «Koroğlu» ləqəbi almaq məqsədilə öz atasının gözünü çıxarsa da, xalq onları «Koroğlu» deyil, «kor kişinin oğlu» çağırır. «Atasının gözünü çıxaran hər adama Koroğlu deməzlər» ifadəsi də buradan yaranır.

Bu barədə «Koroğlu» dastanının özündə də bir hekayə vardır. Koroğlunun dəlilərindən biri Çənlibel ətrafında Sərrafi-Zərkülah adlı varlı və qoçaq bir tacirin öz karvanı ilə keçdiyini görür. Əvvəlcə bu barədə Koroğluya xəbər vermək istəyir, sonra təkbaşına karvana qalib gələrək öz hörmətini artırmaq məqsədilə atını karvana doğru sürür.

Sərrafi-Zərkülah onun kim olduğunu soruşur, o, aşıq olduğunu bildirir. Tacir «aşığa» 500 qızıl verir. Lakin o, qızılları geri qaytarıb karvanı Çənlibelə sürməyi əmr edir. Sərrafi-Zərkülah onun bu lovğalığına gülür. «Aşıq» sazı sinəsinə basıb qoşma oxuyur və qoşmanın axırında guya Koroğlu olduğunu söyləyir.

Tacir bunu eşidib «aşığa» qəzəblənir və onu qovaraq deyir:

− Olmaya sən də Koroğlu adı almaq üçün öz atasının gözünü çıxardanlardan birisən? Rədd ol buradan!

Məsəllər, deyimlər