Medianın fəaliyyəti üzərində hakimiyyətin tam nəzarətini qəbul edən ideyalar və prinsiplər sistemi, geniş yayılmış dörd mətbuat nəzəriyyəsindən biri.
Bu təlim XVI–XVII əsrlərdə Avropada formalaşmağa başlayıb. A.M.N.-nə görə, KİV-in başlıca funksiyası hökuməti dəstəkləməkdən və öz məqsədlərinə çatmaqda ona yardımçı olmaqdan ibarətdir. Mətbuatın fəaliyyətini tənzimləmək üçün hökumət xüsusi icazələr (patentlər), qadağalar sistemi, o cümlədən senzura tətbiq edə, müxtəlif çap məhsullarının buraxılışını lisenziyalaşdıra, müəyyən olunmuş qaydaların pozulmasına görə jurnalistlərə ağır cəzalar verə, KİV-in nəşrini, yaxud yayımını dayandıra bilər. Hakimiyyətə loyal jurnalistlərin mükafatlandırılması, «münasib» media orqanlarının açıq və gizli yollarla maliyyələşdirilməsi, tənqidçi medianın isə iqtisadi təzyiqlərə, digər məhdudiyyətlərə məruz qoyulması və s. A.M.N.-nin məqbul hesab etdiyi nəzarət metodları sırasına daxildir.
See also:
Jurnalistika terminləri lüğəti