Ay əslində Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən, Günəş işığı ilə işıqlanan səma cismidir. Bir antroponim olaraq əski türk adlarından hesab edilir.
Azərbaycan antroponimikasında Ay müstəqil ad kimi mövcud olmasa da, kifayət qədər mürəkkəb qadın və kişi adlarının tərkibində işlənir. Hazırda bəzi türk xalqlarının məişətində Ay antroponimi hələ də işlənməkdədir. Əsasən bir sıra sözlərin əvvəlinə, bəzi sözlərin isə sonuna qoşularaq həm qadın, həm də kişi şəxs adları əmələ gətirir. Məsələn, Aygün, Aynişan, Aydəmir, Günay, Gülay və s. Məlum olduğu kimi, müasir Azərbaycan dilində ay sözü bir neçə mənada işlənir: 1. Göy cismi. Türk dillərində səma cisimlərindən olan Ay Yerlə birlikdə Günəşin ətrafında dolanıb gecə qaranlığında inikas edən Günəşdən işıq alır; 2. Epitet kimi. Göründüyü kimi, adlarda işlənən ay elə aydır. Gecələr nur saçan səyyarədir. Müasir Azərbaycan dilində aydın sözü də Ay sözü ilə əlaqədardır. Məlum olduğu kimi, Ayın gözəlliyi şairləri, yazıçıları, eləcə də şair qəlbli insanları həmişə məftun etmişdir. Şərq poeziyasında olduğu kimi, müasir şeirimizdə də “ay” epitet olaraq işlədilir. Məsələn, Ay üzlü nigarım, kima mehman olacaqsan?... (N.Gəncəvi). Aymı hüsnünün asli, san Ayın xayalımı, Man indi hardan bilim, Ay göydami, yerdami?! (Rəfiq Zəka Xəndan); 3. İşıqlı, cəzb edə bilən, nurlu, aydın, işıqlı mənalarını ifadə edir; 4. İlin bölünmüş olduğu on iki hissədən biri; 5. Çağırış, müraciət, haylama, haraylama nidası. Bəzən sadəcə “A” kimi də işlənir. Məsələn, ay qız, ay əsgər, yaxud a bala, a qonşu və s.i; 6. Qəfildən doğan qorxu, diksinmə və s. kimi hisləri ifadə edir. Məsələn, ay, ilana baxın; ay bəxtsiz insan. Şəxs adlarında işlənən ay bu sözün ikinci mənası ilə əlaqədardır. Sonralar ay sözü şəxs adlarının tərkibində “ər” mənasında işlənməyə başlamışdır. Qədim türklərdə ata-babalarımızın məişətində ən əvvəl “ay” kişi adlarının bəzəyi olmuşdur. Əsatirlərə görə, Oğuz xanın oğlunun da adı “ər xan” anlamını ifadə edən Ayxan (bax: ad – AYXAN) olmuşdur. Türk xalqlarının bir çoxunda “ər doğdu” anlamını ifadə edən Aydoğdu antroponimi çox geniş yayılmış kişi adlarındandır. Müasir dövrümüzdə də rast gəldiyimiz kişi adlarının sonunda işlənən ay sozü bu mənadadır. Məsələn, Sabutay (bax: ad – SABUTAY), Xasay (bax: ad – XASAY), Tokay (bax: ad – TOKAY) və s. Bu şəxs adlarında ay kişi, igid, ər mənasındadır. Bu gün bir çox sözlərin əvvəlinə, bir sıra sözlərin isə sonuna ay sözünün əlavə edilməsi yolu ilə həm kişi, həm də qadın adlarının yaranması artıq dilimizdə ənənə halını almışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti