Reklam
Reklam

Məsəllər, deyimlər

BABALI SƏRVƏRİN BOYNUNA

►Bir işin məsuliyyətini, cavabdehliyini, günahını kiminsə öz üzərinə götürdüyünü bildirmək üçün işlədilən ifadə.

İfadə ölməz Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» (1909) və ya «Məşədi İbad» kimi tanınan komediyasından qaynaqlanır.

Müflisləşmiş Rüstəm bəy öz gözəl və gənc qızı Gülnazı aldığı borc pulun müqabilində varlı, lakin qoca Məşədi İbada ərə vermək niyyətindədir. Gülnaz isə daş atıb başını tutur, çünki Sərvəri sevir. Sərvər Rüstəm bəyə Gülnazı sevdiyini deyəndə o bildirir ki, başqasına söz verib, iş-işdən keçib. Sərvər deyir ki, «mən deyənə razı olsan, işi düzəldərəm... Əgər iş tutdu – tutdu və illah tutmasa, onda babalı Sərvərin boynuna».

Tədqiqatçıların fikrincə, ifadənin tərkibindəki «babal» leksik vahidi ərəb dilində olan «vəbal» (günah, məsuliyyət, təqsir, cavabdehlik, ağırlıq, çətinlik) sözündən yaranıb və Ü.Hacıbəyliyə qədər də klassik ədəbiyyatda və danışıq dilində («babal yumaq» və s.) kifayət qədər işlək olub.

Sonradan istər ədəbi, istərsə də danışıq dilində işləkliyi artan «babal» sözü tədricən «vəbal»ı sıxışdıraraq aradan çıxarıb.

Məsəllər, deyimlər