Reklam
Reklam

Məsəllər, deyimlər

BAĞRI YARILMAQ

►Bərk qorxmaq, vahimələnmək, dəhşətə gəlmək, səksəkəyə düşmək.

İfadə «qaraciyər»in sinonimi kimi işlənən «bağır» ifadəsinə söykənir.

Dilimizdə bu sözün birləşməsindən yaranan və müxtəlif mənalar ifadə edən bir çox frazeoloji ifadələr var; məsələn: «bağrı çatlamaq», «bağrı daşa dönmək», «bağrı qan olmaq», «bağrına basmaq», «bağrıbadaş olmaq» və s.

Ümumiyyətlə, dilimizdə bir sıra mücәrrәd anlayışlar konkret bәdәn üzvləri adlarının mәcazi mәnada işlәdilmәsi әsasında yaranıb; mәsәlәn, sevgi hissi ürәklә, paxıllıq hissi qarınla («qarnı ağrımaq») vә s. ilə әlaqәdar ifadә edilir. Әslindә, «qorxu», «qorxaqlıq» anlayışları «ciyər», «bağır»la yox, «öd»lә әlaqәdardır («qorxudan ödü ağzına gәldi»).

«Qorxu» vә ya «istәk», «arzu» anlayışlarını bildirmәk üçün hәm dә «yağı (ürәyinin) әrimәk» ifadәsi işlәdilir:

Cәhәnnәm xofundan, eşq havasından

Әridi, qalmadı yağ ürәyimdә. (Aşıq Әlәsgәr)

Dilimizdə «qorxaqlıq» anlayışını bildirmәk üçün «ağbağır», «ağciyәr» sinonimlәrindәn də istifadә olunur. «Ağ öddәk» vә ya sadәcә «öddәk» sözü bu ifadәnin, əslindә, «öd»lә («ödü yarılmaq») әlaqәdar olduğunu göstərir. Bu hadisәnin tibbi izahı belәdir ki, adәtәn, qorxudan damarların qıcolması baş verir, insanın rəngi saralır.

Məsəllər, deyimlər