Reklam
Reklam

Məsəllər, deyimlər

BAL İLƏ YAĞI QATMAĞIN ZƏRƏRİ YOXDUR...

►İki dəyərli şeyin bir yerdə olmasını, onların birləşdirilməsinin yalnız faydalı ola biləcəyini vurğulamaq üçün işlədilən ifadə.

İfadə ustad xanəndə Hacıbaba Hüseynovun adı ilə bağlıdır.

Görkəmli sənətkarlardan dərs almış xanəndə klassik Şərq ədəbiyyatının mükəmməl bilicilərindən olub. Əruz vəznini gözəl mənimsəmiş ustad sənətkar Hafiz, Sədi, Füzuli, Seyid Əzim Şirvani və Əliağa Vahid kimi söz ustadlarının qəzəllərini sevə-sevə ifa etməklə yanaşı, özü də ürəkoxşayan qəzəllər yazar, ara-sıra öz qəzəllərini də oxuyarmış.

Günlərin birində el şənliyində xanəndədən öz yazdığı qəzəlləri oxumağı xahiş edirlər. H.Hüseynov məclis əhlinin sözünü yerə salmayıb muğam üstdə bir neçə qəzəlini oxuyur. Sonra bu qəzəllərdən ikisini tarın müşayiəti ilə bədii qiraətlə də səsləndirir. Məclis onu ürəkdən alqışlayır. Lakin yaxınlıqda əyləşmiş bədxahlarından biri ustadı pərt etmək üçün belə deyir:

– Söz yox ki, şeirlər ustalıqla yazılıb, amma sonuncu qəzəlin ortasında Seyid Əzim Şirvaninin çox işlətdiyi iki ifadədən istifadə edilib.

Mətləbi anlayan ustad xanəndə halını pozmadan belə cavab verir:

– Balla yağı qatmağın zərəri yoxdur...

Məsəllər, deyimlər