►Tədbirli olmağın, ehtiyatlı davranmağın vacibliyini bildirən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanmışdır.
Bir gün bağda oynayan uşaqlar Mollaya sataşmaq və onun başmaqlarını oğurlamaq məqsədilə ondan ağaca dırmaşmağı xahiş edirlər. Uşaqların hiyləsini başa düşən Molla başmaqlarını qurşağına keçirib ağaca dırmaşmağa başlayır.
Öz hiylələrinin baş tutmadığını görən uşaqlar Molladan soruşurlar:
– Ay Molla, bəs bu başmaqları hara aparırsan, qoy burada qalsın, düşüb geyərsən!
Molla mənalı-mənalı gülümsəyərək cavab verir:
– Yox, qadan alım, qoy götürüm, kim bilir, bəlkə, oradan da yolum o yana düşdü, ehtiyat yaxşı şeydir.
Məsəl ən çox ehtiyatlı olmağı, işini etibarlı tutmağı təlqin edir. Azərbaycanda bu ifadə ilə səsləşən «ehtiyat igidin yaraşığıdır» zərbi-məsəli də vardır.
Məsəllər, deyimlər