►Bir yerin gedər-gəlməz olduğunu, orada işlərin müəmmalı şəkildə dolaşığa düşdüyünü bildirən ifadə.
İfadə Atlantik okeanında sirli hadisələrin baş verdiyi üçbucaqşəkilli Bermud adalarındakı müəmmalarla bağlı yaranmışdır.
Bermud üçbucağı Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazidə yerləşir. İnsanlarda belə bir təsəvvür yaranıb ki, guya bu ərazidən keçən gəmilər, təyyarələr heç bir iz qoymadan sirli şəkildə yoxa çıxır, hətta rəqəmlər göstərilir ki, son bir əsrdə məhz bu ərazidə 100-dən çox gəmi və təyyarə qeybə çəkilmişdir. Ona görə də planetimizin möcüzələr, dəhşətlər və müəmmalarla dolu olan bu hissəsini «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı» da adlandırırlar. Tarixi məlumatlara görə, bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.
Təqribən XX əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başlamışdır. «Bermud üçbucağı»nın müəmmalarına maraq göstərən tədqiqatçılar qəzet səhifələrində və kitablarda «Minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzənin səbəbi nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür? Yoxsa bu, sadəcə fırtınalar nəticəsində baş verən dəniz qəzalarıdır?» kimi suallar səsləndirməyə başladılar. Bu barədə xeyli kitab yazıldı və bunların içərisində daha çox populyar olan «Bermud üçbucağı: miflər və reallıqlar» (1975) əsərinin müəllifi Devid Lourens topladığı faktlar əsasında sübut etdi ki, bu ərazidə heç bir möcüzə baş vermir, sirli və ya qorxulu mistik qüvvə məsələsi də uydurmadır. Bermud adalarında baş verənlər sadəcə təbiət anomaliyalarıdır.
Məsəllər, deyimlər