Reklam
Reklam

Məsəllər, deyimlər

BRUT, SƏN DƏ?!

►Yaxın dost, silahdaş sayılan adamın xəyanətinə, gözlənilmədən əks tərəfə keçməsinə təəssüf və istehza ilə işlədilən ifadə.

Məşhur ifadə Roma senatında qətlə yetirilmiş Yuli Sezara aiddir.

Y.Sezarın Romanı tək idarə etməsi və özünü monarx kimi aparması respublikaçıların narazılığına səbəb olurdu. Çox da möhkəm olmayan hakimiyyət qurmuş Sezar senatı real siyasi gücdən məhrum eləsə də, onun iqtisadi potensialını dağıda bilməmişdi. Senatorlar çox iri torpaq sahibləri idilər və monarxiya ilə barışmırdılar. Çünki ölkədə Sezarın şəxsiyyətinə pərəstiş getdikcə artırdı, onu ilahiləşdirmək prosesi gedirdi. Ona and içmək hüquqi qüvvəyə malik idi. Ziyarətgahlarda Sezarın adına qurbanlar kəsirdilər.

Buna görə Roma senatının bir neçə üzvü Sezara qarşı sui-qəsd planı hazırladı. Onlar Sezarın ən yaxın adamı olan, oğlu kimi sevdiyi və himayəsinə aldığı Brutu da bu işə təhrik etdilər.

Qəsd günü Sezar bəzi pis əlamətlərə görə iclası təxirə salmaq barədə göstəriş versə də, sonra qəsddə iştirak edənlərdən biri ona məsləhət gördü ki, söz-söhbətə son qoymaq üçün özü gedib senatda çıxış etsin. Beləliklə, Sezar senata gələn kimi dərhal əhatəyə alındı. Ona iyirmi üç xəncər zərbəsi vuruldu. Sezar müqavimət göstərirdi, lakin onu vuranların birinin də Brut olduğunu görəndə gözlərinə inanmadı, müqavimət göstərməyi dayandırıb: «Brut, sən də, mənim balam?!» – deyərək bu xəyanəti görməmək üçün əlləri ilə üzünü qapayıb canını tapşırdı.

Sonralar bu səhnə Şekspirin «Yuli Sezar» tragediyasında «Brut, sən də?!» şəklində işlənərək məşhurlaşdı.

Məsəllər, deyimlər