►Real hәyatla әlaqәsi az olan, dünyanın naz-nemətlərinə tamah salmayan, bütövlükdə bu dünyanı fani hesab eləyən adamlar haqqında işlədilən ifadə.
İfadә İsa peyğəmbərin bir kəlamı əsasında formalaşaraq dünyanın ayrı-ayrı xalqları arasında yayılmışdır.
Yəhyanın «İncil»ində İsa Məsihin Ponti Pilatla söhbəti verilib. Yəhyaya görə, «Ponti Pilat İsa Məsihdən soruşur:
– Yəhudilərin hökmdarı sənsənmi?
İsa Məsih:
– Sən bunu öz adından deyirsən, yoxsa başqaları deyib sənə?
Ponti Pilat:
– Mən yəhudiyəm ki? Səni mənə öz xalqın, baş kahinlərin təslim eləyiblər. Nə iş tutmusan ki?
İsa Məsih:
– Mənim səltənətim bu dünyadan deyil, əgər mənim səltənətim bu dünyadan olsaydı, ardıcıllarım çalışardılar ki, mən yəhudilərə təslim edilməyim.
Ponti Pilat:
– Demək, sən bir səltənət sahibisən, eləmi?
İsa Məsih:
– Səltənət sahibi olduğumu sən söyləyirsən. Mən həqiqətin yolunu göstərmək üçün doğulmuşam, bunun üçün dünyaya gəlmişəm. Həqiqətin tərəfində olan hər kəs mənim səsimi eşidir.
Pilat bundan sonra bayıra, yəhudilərin yanına çıxdı və onlara:
– Mən bu adamda heç bir günah görmürəm, – dedi».
İsa Məsihin «Mənim səltənətim bu dünyadan deyil» kəlamı xristianlığı qəbul etmiş xalqlarda get-gedə «Bu dünyanın adamı deyil» ifadəsinə keçərək reallıqlardan uzaq, gerçək həyat qayğılarından özlərini kənar tutan, xəyallar içində vurnuxub qalan adamlara şamil olunmağa başlayıb.
Bu dünyanı müvəqqəti hesab etmək sufilərin (təsəvvüf) də əsas dəyərlərindən biridir. Təsəvvüf daşıyıcılarına görə, bu dünya fanidir – puçdur, əbədi, daimi olan o biri dünyadır – axirətdir. Ona görə də sufilər dünya malına zərrə qədər də meyil göstərmirlər. Yəni onlar da bu dünyanın adamları deyillər.
Məsəllər, deyimlər