Reklam
Reklam

Məsəllər, deyimlər

ÇALDIĞINA OYNAMAQ

►Başqasının sözü ilә oturub-durmaq, öz fikri olmamaq, özgəsinin iradәsinә tabe olmaq.

İfadә antik yunan təmsilçisi Ezopun (e.ə. 620–564) mәşhur «Balıqçı» adlı tәmsilindən qaynaqlanaraq yayılmışdır.

Hələ qәdimdәn Şәrqdә vә Qәrbdә geniş yayılmış həmin mәşhur təmsilin özü ortada olmasa da, böyük tarixçi Herodotun əsərlərində onun məzmunu barədə məlumat verilmişdir.

Qısa məğzi bizlərə çatdırılan həmin təmsildə belə bir hadisə nəql olunur: bir balıqçı dәniz kәnarındakı daşın üstündә oturub tütәk çalır və güman edir ki, dәnizdәki balıqlar onun çaldığı һavaya oynayacaqlar. Balıqların ona әhәmiyyәt vermәdiyini, yəni oynamadığını görüb әsәbilәşən balıqçı dәnizә tor atıb balıq tutmağa başlayır. Tora düşmüş balıqlar çapalayır, atılıb-düşürlәr. Bunu görәn balıqçı deyir: «Hə, necəsiniz? Mәn tütәk çalanda oynamadınız, bәs indi kimin zurnasına oynayırsınız?»

Dilimizdə bu ifadə ilə yanaşı, başqasının sözü ilə oturub-duran iradəsiz adam haqqında «küyə getmək», «hər çalınan havaya oynamaq» kimi frazeoloji vahidlər də işlənir.

Məsəllər, deyimlər