Reklam
Reklam

Məsəllər, deyimlər

CİNNİ CƏFƏR QOŞUNU

►«Sayca çox olan və idarə edilməyən nizamsız kütlə», «çoxluq», «dağınıqlıq» mənalarında işlədilən ifadə.

İfadə xalq arasında cinlər haqqında yayılmış təsəvvürlərdən qaynaqlanır.

Şərqdə bəzi xalqlar arasında belə bir əfsanə var ki, guya Cəfər cinlərin padşahı imiş. Həm də Cəfərin cinlərdən ibarət o qədər qoşunu varmış ki, saya-hesaba gəlməzmiş. Guya döyüş zamanı bu cinləri qırmaqla qurtarmaq olmazmış, bir cin öldürüləndə onun hər damla qanından min cin yaranarmış. Bax ifadə bu fasiləsiz artmaq təsəvvüründən yaranmışdır. İndi də hər hansı bir şey ardı-arası kəsilmədən çoxalanda el arasında deyirlər: «Elə bil cinni Cəfər qoşunudur».

Çox hay-haraylı, səs-küylü uşaq izdihamı haqqında da bəzən sayca çoxluğa işarə ilə «Cinni Cəfər qoşunu kimi» ifadəsi işlədilir.

Dilimizdə bu deyimlə eyni məna kəsb edən «at ilxısı, köpək sürüsü» ifadəsi də işlədilir.

Məsəllər, deyimlər