Reklam
Reklam

Məsəllər, deyimlər

ÇOR DEMƏK

►Acılamaq, xətrinə dəyən söz demək, incitmək, qəlbini qırmaq.

İfadə qədim türk etnoslarındakı Çor adlı ruhla bağlı yaranıb yayılmışdır.

Qədim mənbələrə görə, Çor əvvəlcə bədxah ruhlardan biri olmuş, sonra etnik ada çevrilmişdir. Yəni türk etnoslarından biri özünü sitayiş etdiyi bu ruhun adı ilə adlandırmışdır. Sibirdəki bəzi xalqların inancına görə, Çor Aza adlı qorxunc bir ruh insanların bədəninə girib yoluxucu xəstəliklər törədir (bəzən indi də heyvan sürülərinə düşən xəstəliyə «çor» deyirlər).

Mənbələrdə qeyd olunur ki, «Çor» həm də indiki İran ərazisində yaşayan türk tayfalarından birinin adı olmuşdur. Onlar Gürcüstanda və Azərbaycanda sonralar «qaraçorlu» adı ilə tanınmışlar. Onların bir qismi sonradan Pənahəli xanın vaxtında Qarabağa köçmüşdür. Bunlar barədə məlumat verən professor İlhami Cəfərsoy «İber və hay folklorunda türk mifik təfəkkürünün izləri» (2014) kitabında göstərir ki, çorlar qədim dünyanın zəngin şəhər mədəniyyəti yaratmış xalqlarından biri olmuşdur. Lakin onların xristianlıqdan əvvəlki tarixi öyrənilməmişdir.

Bütün hallarda ilkin mənasında «qanlı-qadalı yer» anlamında işlədilmiş «çor» sözü bu gün də dilimizdə mənfi çalar daşıyır. Dilimizdəki «cəhənnəmə-çora getmək», «çər (çor) dəymiş», «çor vurmaq» və s. ifadələr də bununla bağlı yaranmışdır.

Məsəllər, deyimlər