Cumay İslamaqədərki şəxs adları sırasındadır. Bir çox araşdırmalarda qədim türk xalqlarının mifologiyasında doğum və uşaqları himayə ilahəsi kimi qəbul edilən Umayın adı ilə (bax: ad – UMAY) əlaqələndirilir.
Xəzərlərdə böyük ana anlamına gələn Umay/Cumay adı xüsusi ehtirama layiq olmuşdur. Hətta alban episkopu İsrael VII əsrdə onu Afrodita adlandırmışdı. Azərbaycanda Şəki bölgəsinin Kiş kəndində Tataruşağı məhəlləsində müqəddəs sayılan, ziyarət yeri olan Cumay ocağı da atəşpərəstlik dövrünün yadigarlarındandır. Bəzi lüğətlərdə Cuma adı ilə eyniləşdirmək meyillərinə də rast gəlinir. Lakin Cumay tam fərqli antroponimdir. Bu gün Azərbaycanda Cumay adını daşıyan şəxslərə nadir hallarda olsa da, rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti