►«Biz (və ya başqaları) bir işi heç vaxt layiqincə və yüksək səviyyədə görə bilmirik» mənasında işlədilən ifadə.
İfadə 1992–1998-ci illərdə Rusiya Federasiyasının baş naziri olmuş Viktor Çernomırdinin (1938–2010) pul islahatı barədə məşhur çıxışından (6 avqust 1993-cü il) sonra geniş yayılmışdır.
1993-cü ilin 24 iyulunda Rusiya Mərkəzi Bankı elan etdi ki, 1961–1992-ci illər arasında dövriyyədə olan pul banknot nümunələri 26 iyul 1993-cü ildən etibarən əhalidən qəbul edilməyəcək. Buna görə də onları 27 iyula kimi yeniləri ilə dəyişmək lazımdır. Mübadilə məhdudiyyəti 35 min rubl (həmin vaxt – təxminən 35 dollar) müəyyən olunmuşdu. Bundan sonra ölkədə kütləvi ajiotaj başlanmışdı. İnsanların təşvişə düşməsini nəzərə alan prezident Boris Yeltsin iki gün sonra sərəncam verdi ki, mübadilə məbləği adambaşına 100 min rubl olsun və mübadilə müddəti 1993-cü ilin avqust ayına kimi uzadılsın.
İfadənin birinci hissəsi olan «Daha yaxşı eləmək istəyirdik...» B.Yeltsin və V.Çernomırdinin dövrü haqqında kitabın adı oldu. Bundan sonra ifadə sürətlə rus danışıq dilinə daxil oldu və əslində, xoş məqsəd güdən, amma heç bir müsbət nəticə verməyən, yaxud mənfi nəticələr verən hərəkətləri bildirmək üçün işlədilməyə başladı.
Əslində, rus ictimai mühitində buna bənzər ifadələrə XIX əsrdə də rast gəlinirdi; məsələn, P.A.Kropotkinin «Fərqli illərin gündəliyi» əsərində belə bir ifadə var: «Cəmiyyətlə münasibətdə hökumətin pis vərdişləri var və o, candərdi, könülsüz hərəkət edir: daha yaxşısını eləmək istəyir, amma həmişəki kimi alınır...» Amma V.Çernomırdinin bu ifadəni hansı mənbədən sitat gətirməsi haqda heç bir sübut yoxdur.
Məsəllər, deyimlər