►Ədalətsizlik etmək, yaxşını pisə, alimi nadana, iş bacaranı fərsizə, kamil, ləyaqətli adamı ləyaqətsizə tabe etmək.
Kifayət qədər geniş işlənən bu ifadə Şərq ölkələrində yayılmış məşhur bir əhvalat əsasında meydana çıxmışdır.
Ərəb ağır xəstələnib yorğan-döşəyə düşür, öləcəyini yəqin edir. Qohum-əqrəbasını yanına çağırıb halallaşır, vəsiyyət edir. Nəhayət, dəvəsini də çağırır, ondan halallıq almaq istəyir və deyir: «Mənim zəhmətkeş dəvəm! Ömürboyu mən səni çox incitmişəm, vaxt olub ki, sən günlərlə ac-susuz yük daşımalı, yol getməli olmusan. İstidə, soyuqda zəhmətimi çox çəkmisən. İndi mən haqq dünyasına gedirəm. Zəhmətini mənə halal eylə!»
Bu sözləri dinləyən dəvənin gözlərindən iki damla yaş axır. O, üzünü sahibinə tutur: «Əziz ağam! Biz illər boyu bir-birimizə həmdəm, yol yoldaşı olmuşuq. Həm yaxşı, həm də pis günlərimiz az olmayıb. Mənə verdiyin əziyyətlər çox olub və mən bunların hamısını sənə bağışlayıram. Yalnız bir qəbahəti sənə bağışlaya bilməyəcəyəm. Yadındadırmı, filan vaxt üzüyuxarı dağa qalxarkən sən mənim ovsarımı aparıb eşşəyin quyruğuna bağladın? Bu təhqiri mən unutmamışam və bunu sənə heç vaxt bağışlamaram».
Məsəllər, deyimlər