Reklam
Reklam

Məsəllər, deyimlər

DƏVƏNİ İYNƏNİN GÖZÜNDƏN KEÇİRMƏK

►Mümkün olmayan, icrası yalnız xəyal sayılan bir şey haqqında danışarkən işlədilən ifadə.

İfadə «Qurani-Kərim»in «əl-Əraf» surəsinin 40-cı ayəsindən qaynaqlanır.

Həmin ayədə ifadə belədir: «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər!»

Bənzər ifadəyə «İncil»də də rast gəlirik. Orada qeyd edilir ki, dəvənin iynənin gözündən keçməsi varlının Allahın dərgahına daxil olmasından asandır.

İfadə bəzi müasir tədqiqatçılara yerində görünməyib və ortaya bəzi suallar çıxıb: «Dəvə» əvəzinə «yoğun kəndir» deyilsə, daha məntiqli alınmazmı, bəlkə, orijinalda məhz belə olub?»

Suala cavab axtaran xristian alimləri aşkar ediblər ki, qədim yunan dilində «dəvə» və «yoğun kəndir» sözləri təxminən eyni cür səslənir («kamelos» – «kamilos»), onların yazılışında isə cəmi bir hərf fərqi görünür. Beləliklə, «İncil»in ilk nüsxələrinin üzünü çıxaranlar səhvə yol veriblər» fərziyyəsi yaranıb. Hətta «Quran»da da eyni «yanlışlığın» yer aldığını vurğulamaqla müsəlmanların müqəddəs kitabının xristianlardan köçürüldüyünü sübuta yetirməyə çalışanlar tapılıb. Lakin üçüncü səmavi kitabı araşdıran alimlər bu fərziyyələrin tam əsassız olduğunu sübut ediblər.

Tədqiqatçılar aşkara çıxarıblar ki, «İncil»dən və «Quran»dan qaynaqlanan «Dəvə iynənin gözündən keçəndə» ifadəsinə yaxın fikir «Tövrat»da da vardır. Fərq budur ki, orada dəvədən deyil, fildən danışılır. «Tövrat»ın yazıldığı ibrani dilində isə «fil»lə «kəndir»i heç cür səhv salmaq mümkün deyil.

Deməli, hər üç dinin müqəddəs kitabında, demək olar ki, eyni misalın çəkilməsi xüsusi məna kəsb edir. İynənin gözü Allahın dərgahına, Cənnətə gedən yolun darlığına işarə edir. Dəvə (fil) isə öz nəhəng ölçüləri ilə günahkarların bu dar «qapı»dan heç cür içəri girə bilməyəcəklərini əyani olaraq təsəvvürdə canlandırır.

Məsəllər, deyimlər