Reklam
Reklam

Məsəllər, deyimlər

DÖRDQIÇLI OLARDIN

►Təhlükə yarandıqda canını qurtarmaq üçün sürətlə qaçmağın vacibliyini vurğulamaq məqsədilə işlədilən ifadə.

İfadə Molla Nəsrəddinlə bağlı lətifədən qaynaqlanır.

Günlərin birində bir nəfər Teymurləngə bir qaz gətirir. Qazı bişirib verirlər Mollaya ki, hökmdarın hüzuruna aparsın. Molla nəfsini saxlaya bilməyib yolda qazın bir budunu yeyir. Teymurləng qazın yoxa çıxan budunu xəbər alanda Molla əhvalını pozmadan qazların elə birqıçlı olduğunu söyləyir. Şah nə illah edirsə, Molla dediyinin üstündə durur. Nəhayət, pəncərədən həyətdə bir ayağı üzərində dayanaraq günəşlənən bir dəstə qazı görən Molla:

– Qibleyi-aləm, baxın, qazlar hamısı birqıçlıdır! – deyir.

Bərk qəzəblənən Teymurləng ox-yayını əlinə alaraq qaz dəstəsinə bir ox atır. Bu zaman qazlar qaçır. Şah deyir:

– Bəs deyirdin qazlar birqıçlıdır?

Molla Nəsrəddin halını pozmadan belə cavab verir:

– Sənin onlara atdığın oxu mən sənə atsaydım, sən lap dördqıçlı qaçardın…

Dilimizdə bu ifadəyə mənaca yaxın olan «Asta qaçan namərddir», «Dabanına tüpürüb qaçmaq» deyimləri də işlədilir.

Məsəllər, deyimlər