►Həddindən artıq sərt cəza müəyyən edən qanunlar haqqında işlədilən ifadə.
İfadə Qədim Yunanıstanda e.ə. 621-ci ildə afinalı Drakonun yazıb tərtib etdiyi ilk qanunlar toplusundan qaynaqlanır.
Həmin topludakı qanunlar həddindən artıq sərt olduğu üçün əhali onları «qanla yazılmış qanunlar» adlandırıb; məsələn, burada təsadüfən adam öldürmüş şəxsin şəhərdən qovulması, bilərəkdən qətl törətmiş şəxsin isə edam edilməsi nəzərdə tutulurdu. Qanunlar varlıların mənafeyini daha çox nəzərə alırdı. Zərərçəkmiş tərəfə pul ödənilməsi yolu ilə məsələnin dinc həlli variantı mümkün sayılırdı. Drakon qanunları qan davasını məhdudlaşdırırdı, yəni qatilin özbaşına cəzalandırılması qadağan idi. Bu qanunlar, əsasən, afinalı siyasi xadim, şair və mütəfəkkir Solonun islahatlarına qədər (e.ə. 594-cü ilədək), onların müəyyən müddəaları isə islahatlardan sonra da qüvvədə qalıb.
Toplu müəllifin adı yunanca «Drakontos» (Drakontun) kimi səsləndiyi üçün həmin sənədə bəzən «Drakontun qanunları» da deyilir.
Məsəllər, deyimlər