Reklam
Reklam

Məsəllər, deyimlər

DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ

►Hər şeyi olduğu kimi doğru-dürüst demәyə, yazmağa və dəqiq göstərməyə, vicdanlı olmağa çağırış məqsədilə işlədilən ifadə.

İfadә böyük satirik şair Mirzə Ələkbər Sabirin «Nә yazım?» şeirindәn qaynaqlanaraq yayılmışdır.

Göstərilən şeirdə M.Ə.Sabir bir şair və söz adamı kimi öz məramını aşağıdakı kimi bəyan edir:

Şairәm, çünki vәzifәm budur әşar yazım,

Gördüyüm nikü bədi eylәyim izһar, yazım,

Günü parlaq, gündüzü ağ, gecәni tar yazım,

Pisi pis, әyrini әyri, düzü һәmvar yazım,

Niyә bәs boylә bərәldirsәn, a qare, gözünü.

Yoxsa bu ayinәdә әyri görürsәn özünü...

Göründüyü kimi, qüdrətli şairin adıçəkilən şeirində ifadə, əslində, «pisi pis, әyrini әyri, düzü һәmvar yazım» şəklində işlənmişdir. Lakin tədricən ifadə indiki şəklini almış və xalq arasında da elə bu cür yayılmışdır.

Sabirin başqa bir şeirindә «şairә lütf olursa, ya azar, pisı pis, yaxşını da yaxşı yazar» misraları işlənir. Bütün hallarda bu ifadə düzgünlüyə, həqiqətə sadiq qalmağa, vicdanlı olmağa çağırışdır.

Bizim günlərdə bu ifadə təkcə mətbuat işçiləri üçün deyil, sosial şəbəkələrdə də hər cür xəbər, şərh, status, məlumat yazmaq və yaymaq imkanı qazanmış hər kəs üçün aktualdır. Yəni bu ifadə təlqin edir ki, insan bir şey yazarkən vicdanlı və dürüst olmağa borcludur.

Məsəllər, deyimlər